Magistraturaya qəbul olunan bakalavrların qeydiyyatı davam edir

A- A A+

Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunan bakalavrların qeydiyyatı davam edir.

Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iyulun 20-dək sənədləri təqdim etməyən və qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanlar siyahısından xaric ediləcək.

Bakalavrlar qəbul olunduqları ali təhsil müəssisələrinin internet saytlarının müvafiq bölmələrinə daxil olmaqla, qeydiyyat üçün tələb olunan sənədlər və onlayn qeydiyyatın forması ilə tanış ola bilərlər.

Cari ildə bir ali məktəbin bakalavr səviyyəsini tam bitirən və akademik borcu olmayan, lakin digər ali məktəbin magistratura səviyyəsinə qəbul olunan bakalavrlardan qeydiyyat zamanı tələb olunan ali təhsil müəssisəsini bitirməsi haqqında arayışı daxil olduğu ali təhsil müəssisəsinə təqdim etməyə ehtiyac yoxdur. Dövlət İmtahan Mərkəzi tərəfindən onlayn qeydiyyat proseduru nəzərə alınaraq ali təhsil müəssisələrinin bu prosesi həyata keçirən məsul şəxslərinə “Tələbə-məzun dövlət elektron məlumat sistemi”nə daxil edilən bakalavrların məlumatlarını qeydiyyat sistemi vasitəsilə onlayn əldə etmək imkanı yaradılıb.

Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına müsabiqənin nəticələrinə əsasən, ixtisaslaşma seçimində iştirak edən 11380 bakalavrdan 8324 nəfəri ali təhsil müəssisələrinin magistraturalarına qəbul olunub. Qəbul olunanlardan 3069-u dövlət sifarişi, 5255-i isə ödənişli əsaslarla təhsil alacaqlar. Onlardan 5229 nəfəri ali təhsil müəssisələrinin cari, 3095 nəfəri isə əvvəlki illərin məzunlarıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: