Dövlət ümumi təhsil müəssisələrində və şahmat məktəblərində şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, Muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə iyulun 20-də şahmat fənnini tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiyası keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın Test mərkəzində keçirilən sertifikasiya imtahanında qeydiyyatdan keçən 20 müəllim iştirak edib. Test imtahanında iştirakçılara 40 sual təqdim edilib, sualları cavablandırmaq üçün 60 dəqiqə vaxt verilib. Test tapşırıqlarının ən azı 50 faizini düzgün cavablandıran 18 nəfər müvafiq keçid balını toplayıb.
Şahmat fənni üzrə aparılan test imtahanları elektron proqram təminatı vasitəsilə keçirilib. Bununla da test suallarını cavablandırarkən iştirakçılar seçdikləri cavabları imtahan vaxtı ərzində dəyişə və monitorda imtahanın vaxtını izləyə biliblər. Test imtahanında obyektivliyin və şəffaflığın tam təmin edilməsi məqsədilə imtahanların videoçəkilişi də aparılıb. İmtahan bitdikdən dərhal sonra iştirakçılara test imtahanının nəticəsinə dair arayış təqdim edilib. Test imtahanlarının nəticələri Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.