Naxçıvan məktəblərində şahmatın tədrisi üçün əlverişli şərait yaradılıb - FOTOLAR

A- A A+

Məktəblilərin əqli və məntiqi düşüncə qabiliyyətinin formalaşmasında xüsusi əhəmiyyəti olan şahmatın kütləviliyinin artırılmasına və bu sahənin inkişafına muxtar respublikada yüksək qayğı göstərilir. Şahmatın maddi-texniki bazası möhkəmləndirilib, Naxçıvan şəhərində Şahmat Mərkəzi, rayon mərkəzlərində yeni şahmat məktəbləri tikilib istifadəyə verilibdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinin şahmata olan diqqət və qayğısı nəticəsində 2002-ci ildə Naxçıvan Muxtar Respublikasının Şahmat Federasiyası yaradılıbdır. 2018-ci ildən şahmat sahəsində uğurlu bir dövr başlayıb. Belə ki, Şahmat Federasiyasının seçki-hesabat konfransında Seymur Talıbovun quruma yeni sədr seçilməsi ilə muxtar respublikada şahmata baxış tərzi dəyişib, Federasiyanın düzgün seçilmiş inkişaf strategiyası nəticəsində uşaqlar və onların valideynləri tərəfindən bu idman növünə maraq artıb, yeni gənc istedadların axtarışı yönümündə böyük işlər görülübdür. Bu gün muxtar respublikada fəaliyyət göstərən şahmat məktəblərində məktəblilər arasında, müxtəlif kateqoriyalar üzrə şəhər və rayon birincilikləri ilə yanaşı, muxtar respublika ərazisində mütəmadi olaraq tempo yarışları, müxtəlif beynəlxalq yarışlar keçirilir.

Ümumtəhsil məktəblərinin şahmat fənninə dair dərslik, dərs vəsaiti və digər tədris-metodik ədəbiyyatlara olan ehtiyacının qarşılanmasında Şahmat Federasiyası yaxından köməklik göstərir. Ötən müddət ərzində şahmatın yüksək səviyyədə tədrisini təmin etmək üçün Federasiya tərəfindən şahmatın əsaslarının şagirdlərə öyrədilməsində müəllimlərə yaxın köməkçi olan “Pillə-pillə” kitabı və şagirdlərin şahmata olan marağını və artan tələbatı nəzərə alaraq dərslik kimi nəzərdə tutulan “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabları nəşr olunaraq ümumtəhsil məktəblərinə verilibdir. Şahmatın sirlərindən və əsaslarından ibarət olan kitablar şahmatın tədrisində həm müəllimlər, həm də şagirdlər üçün dəyərli mənbə olmaqla, bu fənnin tədrisi səviyyəsinin yüksəldilməsinə və kütləviliyin əldə olunmasına müsbət təsir göstəribdir. “Pillə-pillə” və “Debütdə buraxılmış səhvlərə aid 1000 oyun” kitabı nəinki müəllim və şagirdlərimizin, həmçinin bütün şahmatsevərlərin stolüstü kitabına çevrilibdir. Şahmat Federasiyası tərəfindən ümumtəhsil və şahmat məktəblərinə hədiyyə olunan kitablar mövcud qaydalara uyğun şəkildə məktəblərin fonduna daxil edilib və səmərəli istifadəsi Təhsil Nazirliyi tərəfindən diqqətdə saxlanılıb.

2019-cu il fevralın 1-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində “Naxçıvan Muxtar Respublikasında bədən tərbiyəsi və idmanın hazırkı vəziyyəti və qarşıda duran vəzifələr haqqında” keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri təhsil işçilərinin üzərinə mühüm vəzifələr qoyaraq deyibdir: “Uşaq və gənclərin sağlamlığını qorumaq və möhkəmləndirmək, onlarda fiziki sağlam həyat tərzini formalaşdırmaq bütün təhsil müəssisələrinin əsas vəzifələrindəndir. Təhsil Nazirliyi böyüməkdə olan nəslin fiziki inkişafına, onların sağlamlığına qayğı ilə yanaşmalıdır”.

         Ümumtəhsil müəssisələrində yaradılan şəraitdən səmərəli istifadə, təhsil müəssisələrinin bacarıqlı və bilikli müəllimlərlə təmin olunması diqqətdə saxlanılıb, Təhsil Nazirliyi tərəfindən müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması, şagirdlərin fiziki cəhətdən sağlam böyüməsi, asudə vaxtlarının səmərəli təşkili, xüsusi istedadı olan uşaqların üzə çıxarılması məqsədilə bir sıra tədbirlər keçirilib. Bu tədbirlərdən ən əhəmiyyətlisi müəllimlərin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədilə sertifikasiya imtahanlarının keçirilməsidir. Belə ki, ötən müddət ərzində şahmat fənnini tədris edən müəllimlərin nəzəri və təcrübi biliklərinin yoxlanılması məqsədilə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə 2019-cu ilin 11-14 fevral tarixlərində keçirilən sertifikasiyada şahmatı tədris edən 401, həmin ilin 6-10 sentyabr tarixlərində keçirilən sertifikasiyada isə 86 olmaqla, ümumilikdə uğurlu nəticə göstərən 487 müəllimin ümumtəhsil məktəblərində şahmat fənnini tədris etməsinə icazə hüququ verən sertifikat verilibdir.

Ötən illərdə olduğu kimi, 2019-2020-ci tədris ilində də şahmatın inkişaf etdirilməsi, bu sahə üzrə istedadlı uşaq və gənclərin aşkar edilməsi və onların qabiliyyətlərinin üzə çıxarılması məqsədilə muxtar respublikamızda fəaliyyət göstərən federasiyalar ilə birgə müxtəlif kütləvi yarışlar, eyni zamanda Uşaq-Gənclər Şahmat məktəbləri tərəfindən 246 şahmat yarışı təşkil edilib, şagirdlərin şahmat avadanlıqlarından və idman obyektlərindən düzgün və mütəmadi istifadə etmələri ilə bağlı maarifləndirici tədbirlər keçirilib. Həmçinin təhsil müəssisələrində keçirilən şahmat yarışları ilə bu sahədə istedadlı şagirdlərin üzə çıxarılmasına nail olunub, həmin  uşaqlar müvafiq şahmat dərnəklərinə cəlb edilibdir.

Muxtar respublikamızda şahmatın inkişafı istiqamətində yaradılan əlverişli şəraitin nəticəsidir ki, şagirdlərimiz bir sıra muxtar respublika və respublika səviyyəli yarışlarda, eləcə də 2011-ci ildən keçirilən ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Naxçıvan Open” Beynəlxalq Şahmat festivallarında iştirak edib, layiqli yerlər tutublar. Bundan başqa, 2019-2020-ci tədris ili ərzində keçirilən Azərbaycan birinciliyində 2 şagird II, 7 şagird III, muxtar respublika birinciliyində isə 2 şagird I, 2 şagird II,  2 şagird isə III yer olmaqla 15 şagird qalib olubdur.  

Həmin tədbirlərin davamı olaraq iyulun 18-də Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Naxçıvan Şəhər Şahmat Mərkəzində ümumtəhsil məktəblərində şahmat fənnini tədris edən müllimlərə beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi Fikrət Sidiefzadə tərəfindən onlayn ustad dərs keçirilibdir.

2020-2021-ci tədris ilində də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 fevral 2020-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2020-2025-ci illər üçün Naxçıvan Muxtar Respublikasında idmanın inkişafına dair Dövlət Proqramı”nın icrası,  həmçinin ümumtəhsil məktəblərində şahmat dərslərinin tədrisi diqqətdə saxlanılacaqdır.

Ülviyyə Hacıyeva

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: