Buraxılış imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət etmək istəyənlərin ərizə qəbuluna başlanılıb
Dövlət İmtahan Mərkəzi (DİM) 11-ci siniflər üçün iyunun 18, 19, 24 və 25-də keçirilən buraxılış imtahanının nəticələri ilə bağlı Apelyasiya Komissiyasına müraciət etmək istəyənlərin elektron ərizə qəbuluna başlayıb.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, elektron qeydiyyat iyulun 22-dək davam edəcək. Bu müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər. Elektron ərizədə müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur. Apelyasiya müzakirəsində şagirdin iştirakı vacibdir. Şagird ilə yanaşı, onun valideynlərindən biri müzakirədə iştirak edə bilər. Bir şagirdin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.