Efiopiyanın şərqində - Afar səhrası ərazisində tektonik bölünmə nəticəsində Afrika qitəsi “dağıla” bilər. Bu da öz növbəsində, 5-10 milyon ildən sonra yeni okeanın yaranmasına səbəb olar. Bu barədə NBC telekanalı Britaniya və Amerika alimlərinə istinadla məlumat yayıb.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Lids Universitetindən (Britaniya) Kristofer Mur ərazidə üç tektonik plitənin kəsişdiyi yerdə hələ 2005-ci ildə uzunluğu 56 kilometr olan çat yarandığını xatırladıb. Efiopiya səhrasında baş verən dəyişikliklərin monitorinqi peyk radarları məlumatlarının təhlili vasitəsilə aparılır. H.Mur deyib: “Afar səhrası Yer üzündə yeganə yerdir ki, orada qitə riftinin okean riftinə necə çevrildiyini tədqiq etmək olar”.
Tuleyn Universitetindən (Yeni Orlean, Luizana ştatı, ABŞ) geofizik Sintiya Ebinqer tektonik prosesi qalxan mağmanın artan təzyiqi ilə əlaqələndirir. Gözlənilir ki, parçalanmadan sonra Şərqi Afrika rifti Ədən körfəzinin və Qırmızı dənizin suları altında qalacaq və yeni okean yaranacaq.