“Naxçıvanın publisistik xəritəsi” adlı kitab işıq üzü görüb

A- A A+

Naxçıvan Muxtar Respublikasının Əməkdar jurnalisti Mətanət Məmmədovanın milli mətbuatımızın 145 illik yubileyi münasibətilə “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla “Naxçıvanın publisistik xəritəsi” adlı kitabı işıq üzü görüb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yeni nəşr 2010-cu ildə milli mətbuatımızın yaranmasının 135 illiyinə həsr olunan “Qəzet jurnalistikası” adlı kitabından sonra müəllifin oxucularla ikinci görüşüdür. Cəlbedici adı, fərqli üz qabığı ilə ilk baxışdan diqqəti çəkən nəşr ümummilli liderimiz Heydər Əliyevin dövlətin, dövlətçiliyin, cəmiyyətin güzgüsünə çevrilən milli mətbuatımız haqqında söylədiyi dəyərli fikirlərlə, eləcə də ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin keçirilməsi haqqında” 2020-ci il 30 iyun tarixli Sərəncamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 1 iyul tarixli “Azərbaycan milli mətbuatının 145 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planı”nın təsdiq edilməsi ilə bağlı Sərəncamı ilə başlayır.

11 fəsildən ibarət kitabda yer alan araşdırma xarakterli yazılarda, məqalələrdə, oçerklərdə, müsahibələrdə, mənsur şeirlərdə muxtar respublikada aparılan uğurlu siyasət, imzalanan dövlət sənədləri, hər addımda görünən inkişaf, tərəqqi, diyarımızın qədimliyi ilə müasirliyinin vəhdəti, blokadanın dünəni ilə bu günü bədii-publisistik dillə oxucuya çatdırılıb. Kitabı vərəqlədikcə sadəliyi, səmimiliyi, axıcılığı, rəvanlığı ilə seçilən söz dünyasına daxil olur, 2017-ci ildən “Şərq qapısı” qəzetində çalışan müəlliflə birlikdə, sanki diyarımızı qarış-qarış gəzərək milli dəyərlər, adət-ənənələr və əvəzsiz nemətlərimiz barədə faktlarla zəngin məlumatları toplayırsan. Yeni nəşri Naxçıvanın dünəni ilə bu günü arasında sözlə çəkilmiş publisistik körpü də adlandırmaq olar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: