“Mənim Naxçıvana qayıdışım taleyin işi imiş” mövzusunda onlayn konfrans keçirildi

A- A A+

AMEA-nın Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutu və “Naxçıvan” Universitetinin birgə təşkilatçılığı ilə “Mənim Naxçıvana qayıdışım taleyin işi imiş” mövzusunda onlayn konfrans keçirilib.

Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, konfransda bölmənin sədri, akademik İsmayıl Hacıyev böyük dövlət xadimi, dünya şöhrətli tarixi şəxsiyyət Heydər Əliyevin şərəfli ömür yolunda Naxçıvan dövr fəaliyyətinin, 1990-1993-cü illərin xüsusi yer tutduğunu söyləyib. Alim görkəmli dövlət xadimi Heydər Əliyevin doğma vətəni Azərbaycana-Naxçıvana gəlişindən, böyük siyasətə qayıdışından 30 il keçdiyini deyib. Bildirib ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin qətiyyət və cəsarətlə 1990-cı ilin iyulun 22-də Moskvadan Azərbaycana dönüşü dövlət müstəqilliyi uğrunda mübarizə tarixində böyük siyasətə Qayıdışın başlanğıcı kimi yazılıb.

“Görkəmli dövlət xadimi Heydər Əliyevin vətənə qayıdışı və hakimiyyət orqanlarının buna münasibəti” mövzusunda məruzə edən bölmə sədri ulu öndər Heydər Əliyevin Naxçıvana qayıdışı illərinə nəzər salıb. Bildirib ki, həmin dövrdə Naxçıvan özünün ağır günlərini yaşayırdı. Heydər Əliyevin bu çətinliklər barədə sonralar dediyi sözləri xatırladan akademik İsmayıl Hacıyev böyük qayıdışın yollarının Azərbaycanın qurtuluşuna, onun xilasına apardığını, müdrik siyasi xadimin Naxçıvanda yaşayıb-işlədiyi dövrdə qəbul etdiyi dövlət əhəmiyyətli və cəsarətli qərarların, həyata keçirdiyi islahatların Azərbaycan xalqının dirçəlişi, dövlətçiliyin bərpası, milli birliyin, mənəvi bütövlüyün təmin olunması istiqamətində mühüm addımlar olduğunu bildirib.

Vurğulanıb ki, tale Heydər Əliyevi bu regiona gətirməklə Naxçıvanı  Dağlıq Qarabağın və Azərbaycanın digər işğal olunmuş rayonlarının acı aqibətindən qorudu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Naxçıvanlılar Heydər Əliyevi qorudu, Heydər Əliyev isə Naxçıvanı xilas etdi”.

Dahi şəxsiyyətin apardığı siyasət bu gün Prezident İlham Əliyev və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən uğurla davam etdirilir. Ölkədə uğurla həyata keçirilən bütün tədbirlər müstəqilliyimizi möhkəmləndirir, dövlətçiliyimizi qüdrətləndirir, eyni zamanda beynəlxalq aləmdə Azərbaycanın nüfuzunu artırır.

Onlayn konfransda, həmçinin Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Heydər Əliyevin Azərbaycanın və Naxçıvanın Ali hakimiyyət orqanlarına deputat seçilməsi və müstəqillik istiqamətində atılan ilk addımlar”, Naxçıvan Dövlət Universitetinin rektoru, tarix üzrə fəlsəfə doktoru, dosent Elbrus İsayev “Naxçıvan Muxtar Respublikasının xarici əlaqələri”, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Azad Novruzov “Heydər Əliyev və Naxçıvanda həyata keçirilən iqtisadi islahatlar” və “Naxçıvan” Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva “Rus qoşunlarının Naxçıvandan çıxarılması və milli ordunun formalaşdırılması” mövzusunda məruzə ilə çıxış ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: