Pilot peşə təhsil proqramlarına tələbə qəbulunun vaxtı uzadılıb

A- A A+

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin və Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot peşə təhsil proqramlarına 2020-2021-ci tədris ili üçün tələbə qəbulunun vaxtı uzadılıb.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində oxumaq istəyən şəxslər müəssisənin rəsmi saytı vasitəsilə, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində təhsil almaq istəyən şəxslər isə göstərilən link vasitəsilə iyulun 31-dək elektron qeydiyyatdan keçməlidirlər.

Müsabiqə elektron ərizələrin qiymətləndirilməsi və müsahibə mərhələlərindən ibarətdir.

Qeydiyyatdan keçmiş namizədlərin elektron ərizələrindəki məlumatların uyğunluğu yoxlanıldıqdan sonra müvafiq tələblərə (tam orta təhsil və ixtisas fənlər üzrə yüksək qiyməti olan namizədlər) cavab verən şəxslər növbəti mərhələyə dəvət ediləcək. İkinci mərhələdə iştirak edən namizədlərə seçdikləri ixtisaslar üzrə sual və tapşırıqlar təqdim olunacaq.

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində tam orta təhsil bazasından torna və frezer dəzgahların operatoru, avtomobil diaqnostikası və təmiri ustası, sənayedə quraşdırma işləri üzrə usta, elektronika ustası, elektrik avadanlıqlarına xidmət və təmir üzrə elektrik montyoru, inşaat ustası, mebel ustası, veb-dizayner və proqram təminatçısı, avtomatika üzrə usta ixtisaslarında 1 illik (texniki peşə təhsili) təhsil üçün sənəd qəbul olunur. Eyni zamanda, avtomobil diaqnostikası və təmiri ustası, veb-dizayner və proqram təminatçısı ixtisasları üzrə 3 illik (subbakalavr, yüksək texniki peşə təhsili) proqramlar üzrə təhsil almaq mümkündür.

Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin pilot proqramları çərçivəsində tam orta təhsil bazasından aşpaz və mehmanxana inzibatçısı ixtisaslarına yiyələnmək istəyənlər müraciət edə bilərlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: