Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyulun 29-da və 30-da keçiriləcək buraxılış (qəbul) imtahanlarının qrafiki elan olunub.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qeyd olunan tarixlərdə 9 və 11-ci sinif üzrə buraxılış (qəbul), əvvəlki illərin məzunları üçün I-IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının 1-ci mərhələsi, V ixtisas qrupu və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul, Azərbaycan dilindən fərqli dildə təhsil alan 11-ci sinif (cari və əvvəlki illər) məzunları və 9-cu sinif cari ilin məzunları, həmçinin kollecə sənəd verən 9-cu sinif (cari və əvvəlki illər) məzunları üçün Azərbaycan dili (dövlət dili), ümumi (9 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən cari və əvvəlki illərin məzunları üçün qəbul imtahanları keçiriləcək.
İmtahan keçiriləcək şəhər və rayonların qrafiki ilə DİM-in saytında tanış olmaq mümkündür.
Xatırladaq ki, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan şəhər və rayonlarda imtahanların keçirilməsi ilə bağlı mərkəzin Direktorlar Şurasının müraciətinə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müsbət cavab verilib və imtahanlar pandemiya şəraiti və xüsusi karantin rejimi tələblərinə uyğun olaraq təşkil ediləcək.
Bu imtahanlarda iştirakçıların kütləviliyinin azaldılması məqsədilə kolleclərə (və ya hərbi liseylərə) ərizə verməyən 9-cu sinif şagirdləri iştirak etməyəcəklər. Bu şagirdlər üçün buraxılış imtahanı sentyabr ayında keçiriləcək.
11 illik orta təhsil bazasında kolleclərə, eləcə də ali təhsil müəssisələrinə sənəd verməyən şagirdlər üçün “İmtahana buraxılış vərəqəsi” qoyulsa da, ictimai sağlamlığın qorunması ilə bağlı həyata keçirilən tədbirlərə uyğun olaraq onlar iyul ayında keçirilən buraxılış imtahanlarında iştirak etməyə bilərlər. Həmin şagirdlər buraxılış imtahanını sentyabr ayında verəcəklər.
Qeydlər:
- Həmişə olduğu kimi, cari ilin məzunları bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Əvvəlki illərin məzunları isə şəxsi kabinetlərində faktiki yaşadıqları ünvanı qeyd etdikləri halda, yaşadıqları ünvanın aid olduğu yerə uyğun, əks halda, şəxsiyyət vəsiqəsində qeyd olunmuş ünvanın aid olduğu yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər;
- İmtahan keçiriləcək tarixlərdə sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələrdəki imtahan iştirakçıları haqqında məlumat bazası aidiyyəti qurumlara təqdim ediləcək, imtahan iştirakçılarının və ehtiyac olarsa, iştirakçını müşayiət edən bir nəfərin imtahan binasına gedib və imtahandan sonra qayıtmasına icazə veriləcək. İmtahan iştirakçısına “İmtahana buraxılış vərəqəsi” ilə bir yerdə onu müşayiət edəcək 1 nəfər üçün arayış da çap etmək imkanı yaradılıb. Arayış imtahan iştirakçısı tərəfindən doldurulmalı və imza ilə təsdiqlənməlidir. Arayış yoxlama zamanı şəxsiyyət vəsiqəsi ilə birlikdə təqdim edilir və imtahan iştirakçısının özü iştirak etdikdə (imtahan binasının yaxınlığında gözləmək istisna olmaqla) və onun müvafiq sənədləri (şəxsiyyət vəsiqəsi, imtahana buraxılış vərəqəsi) təqdim edildikdə etibarlıdır. Yoxlama zamanı zərurət yarandıqda QR kodundan istifadə olunur.
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər;
- Xüsusi məktəblərə (Bakı) – internat məktəbləri, cəzaçəkmə müəssisələrində yerləşən məktəblər aiddir;
- Goranboy, Mingəçevir, Göygöl və Samux rayonlarında imtahan verən rus bölməsi üzrə əvvəlki illərin məzunları qəbul imtahanından dərhal sonra Azərbaycan dili (dövlət dili) imtahanını da verirlər;
- Dövlət İmtahan Mərkəzi və Müdafiə Nazirliyinin birgə razılığına əsasən bu il C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olmaq üçün sənəd verənlər ayrıca qəbul imtahanı vermirlər və onlar müsabiqədə 9-cu sinif buraxılış imtahanında topladıqları bal əsasında iştirak edəcəklər. Hərbi Liseyə qəbul olmaq istəyən və buraxılış imtahanı (II mərhələ modeli) verməyən şəxslər şəhər və rayonların qrafikinə uyğun imtahanlarda iştirak etməlidirlər. Bakı şəhəri üzrə sənəd verənlərin imtahanı 29 iyulda təşkil olunacaq;
- İmtahana buraxılış vərəqələri iyulun 26-da gün ərzində DİM-in saytında yerləşdiriləcək.