“AMEA-nın məruzələri” jurnalının fəaliyyətinin müasir dövrün elmi-kütləvi nəşr tələblərinə uyğun təkmilləşdirilməsi məqsədilə jurnalın redaksiya heyətinin tərkibində dəyişiklik edilməsi zərurəti yaranıb.
Akademiyadan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Rəyasət Heyəti tərəfindən 2020-ci il iyulun 16-da “AMEA-nın məruzələri” jurnalının redaksiya heyəti haqqında” qərar qəbul olunub. Qərara əsasən, jurnalın redaksiya heyətinin tərkibi təsdiq edilib. Jurnalın baş redaktoru AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev, baş redaktorun müavinləri - AMEA-nın birinci vitse-prezidentləri, akademiklər İsa Həbibbəyli və İbrahim Quliyev, redaksiya heyətinin üzvləri isə AMEA-nın vitse-prezidentləri, akademiklər – Tofiq Nağıyev, Nərgiz Paşayeva, Dilqəm Tağıyev, Rasim Əliquliyev və İradə Hüseynova təsdiq olunub.
Jurnalın redaksiya heyətində AMEA-nın akademik-katibi, müxbir üzv Əminağa Sadıqov, Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev yer alıb. AMEA-nın akademik-katibinin xidmətində elmi katib Gülarə Muradova isə nəşrin məsul katibi olub.
Sənəddə jurnalın ildə dörd dəfə olmaqla Azərbaycan, rus və ingilis dillərində nəşr edilməsi bildirilib. Jurnalda mühüm elmi tədqiqatlar və onların nəticələri haqqında məqalələrin dərc olunması nəzərdə tutulur.