Hüseyn Həşimlinin kitabının təqdimatı keçirildi - FOTOLAR
Hüseyn Həşimli “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyanı yazmaq üçün arxivlərdən, kitabxanalardan, yüz ildən artıq bir dövrün mətbuatından çoxsaylı və müxtəlif səpkili materiallar toplayıb, onları ilk dəfə sistemli tədqiqata cəlb edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirlər mərhum Əməkdar elm xadimi, professor Hüseyn Həşimlinin “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiyasının onlayn təqdimatında səsləndirilib.
AMEA-nın Naxçıvan Bölməsində baş tutan tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev Hüseyn Həşimlinin həyat və yaradıcılığından danışıb. Bildirib ki, cəmi 55 il ömür yaşayan professor Hüseyn Həşimli 30-a yaxın kitab və monoqrafiyanın, 340-dan çox elmi məqalənin, yüzlərlə qəzet məqaləsinin müəllifi idi.
Monoqrafiya haqqında çıxışında alim vurğulayıb ki, qədim və zəngin tarixə malik Naxçıvanın iyirminci əsrdə yetirdiyi görkəmli ziyalılar sırasında yazıçı, tərcüməçi, publisist və ictimai xadim Əli Səbri Qasımovun özünəməxsus yeri vardır. Professor Hüseyn Həşimli görkəmli ziyalının çoxşaxəli fəaliyyətinin, zəngin yaradıcılığının sistemli, əhatəli şəkildə öyrənilmədiyini nəzərə alaraq və uzun müddətli araşdırmalarının nəticəsi olaraq “Əli Səbri Qasımov: ömür yolu və yaradıcılığı” adlı monoqrafiya nəşr etdirib.
Giriş, dörd fəsil, nəticə və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada Əli Səbri Qasımovun 91 illik həyatının əsas bioqrafik faktları, mərhələləri, fəaliyyətinin başlıca istiqamətləri ardıcıllıq və dəqiqliklə nəzərə çatdırılıb.
Təqdimat mərasimində AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli, Bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdirləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Məmmədov və Ramiz Qasımov çıxış edərək professor Hüseyn Həşimlinin ictimaiyyətə təqdim olunan əsərini Azərbaycan ədəbiyyatşünaslıq elminin, ölkə elminin mühüm nailiyyətlərindən biri kimi yüksək qiymətləndiriblər.