Avropa Cənub Rəsədxanasının (ESO) Çilidə yerləşən VLT teleskopu NGC 2899 planetar dumanlığının yeni təsvirini əldə edib. Bu barədə məlumat rəsədxananın saytında yer alıb. NGC 2899 planetar dumanlığı simmetrikliyi, rəng çalarları və daxili mürəkkəb strukturu ilə gecə səmasında kəpənəyi xatırladır.
NUHÇIXAN İnformasiya Agentliyi RİA Novosti saytına istinadla xəbər verir ki, NGC 2899 Yer planetindən Yelkən bürcünün cənub hissəsinə doğru 3000-dən 6500 işıq ilinədək məsafədə yerləşir. Tədqiqatçıların fikrincə, dumanlığın ideal strukturu iki mərkəzi ulduzla bağlıdır. Onlardan biri təkamülünü başa vurub və xarici təbəqəsini əhatə olunduğu fəzaya buraxıb. İkinci ulduz bu qaz axını ilə qarşılıqlı təsirdədir və fotoda görünən ikiqat strukturu formalaşdırıb. Bütün planetar dumanlıqların təqribən 10-20 faizi bu cür bipolyar formaya malikdir.
NGC 2899 dumanlığının geniş qaz təbəqəsi öz mərkəzindən iki işıq ili məsafəsində ayrılıb. Orada qaz 10 min dərəcəyədək qızır və dumanlıq Süd Yolu ulduzlarının fonunda parlaq görünür. Qazın yüksək temperaturu bu dumanlığı yaradan ana ulduzun güclü şüa saçması ilə izah edilir: qaz təbəqəsinin ibarət olduğu hidrogen onun təsiri altında qırmızımtıl görünür, oksigenli qaz təbəqəsi isə mavi görünür.
Astronomlar NGC 2899-un aydın təsvirini FORS qəbuledicisi sayəsində əldə ediblər.