Azərbaycan əlifbası və Azərbaycan dili günü qeyd olunub

A- A A+

Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1 avqust - Azərbaycan əlifbası və Azərbaycan dili günü ilə bağlı keçirilən  tədbir “Ana dili” abidəsinin qarşısında təşkil olunub.

Nazirliyin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Mədəniyyət Nazirliyinin, Nazirliyin tabeliyində olan mədəni-maarif müəssisələrinin və Yazıçılar Birliyinin üzvlərinin iştirak etdiyi tədbirdə Mədəniyyət naziri Natəvan Qədimova çıxış edib.

Nazir qeyd edib ki, dünyanın qədim və zəngin tarixə malik dillərindən olan Azərbaycan dili minillərin sərt sınaqlarından keçərək xalqımızın ən böyük milli dəyəri, dünya azərbaycanlılarının həmrəyliyinin sarsılmaz təməli, müstəqilliyimizin başlıca rəmzlərindən birinə çevrilib. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə hər il avqustun 1-i ölkəmizdə “Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi qeyd edilir.

Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycan dilinin inkişafına  göstərdiyi qayğıdan danışan nazir qeyd edib ki,  dövlət dil siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Natəvan Qədimova bildirib ki, muxtar respublikada Ali Məclis Sədrinin tapşırığı ilə nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, 3 cilddə “Naxçıvan folkloru antologiyası”, 3 cildlik “Naxçıvan tarixi” kitabı, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri” və xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub yaşadılması sahəsində həyata keçirilən tədbirlərin tərkib hissəsidir.

Tədbirin davamında çıxış edən Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev və AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımov ana dilimizin zənginliyindən, poetik ifadəliyindən bəhs ediblər.

Sonda C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrının aktyorlarının ifasında ana dilimizə həsr olunmuş şeirlər səsləndirilib.

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: