Məlumdur ki, kurikulum mənşəcə latın sözü olub, lüğəti mənası “yol”, “istiqamət” deməkdir. Bu sözə ilk dəfə Leyden (1582) və Qlazqo (1633) şəhərlərinin universitet sənədlərində rast gəlinibdir. Bu ifadə daha sonralar elm və təhsil sahələrində termin kimi işlənməyə başlanıb. Azərbaycanın pedaqoji terminologiyasına isə XX əsrin 90-cı illərindən başlayaraq daxil olubdur. Bildiyimiz ki, kurikulum təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün məsələləri özündə əks etdirən konseptual sənəddir. Qeyd edək ki, kurikulum bütün resursların yaradılmasında, təlim prosesinin təşkili və aparılmasında baza rolunu oynayır və dərslikləri tərtib edənlərdən başlayaraq təlim prosesində qiymətləndirmə ilə məşğul olan bütün mütəxəssislərə qədər insanların fəaliyyətini istiqamətləndirir. Bəs milli təhsil standartlarına cavab verən kurikulum necə hazırlanmalıdır? Ümumiyyətlə, təhsil kurikulumunun hazırlanması və onun həyata keçirilməsi ağır bir prosesdir. Vacib bir məsələni qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasında ümumi təhsilin konsepsiyası - Milli Kurikulumu konseptual xarakterli çərçivə sənədi olub ümumi təhsil üzrə təlim nəticələrini və məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdənkənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri, fənn kurikulumlarının strukturunu əhatə edir. Qeyd edək ki, kurikulum sistemi respublikamızda yeni formalaşmağa başladığında bu konsepsiya çərçivəsində müasir tələblərə cavab verən müddəalar az olubdur və yeri gəldikcə proqrama mütəmadi olaraq dəyişikliklər edilibdir.
Ümumiyyətlə, yeni dövrün təhsil sistemi, yəni kurikulum özünün koqnitiv xarakteri ilə insanın bir şəxsiyyət olaraq formalaşmasında mühüm rol oynamaqdadır. Belə ki, elm və texnikanın yüksək səviyyədə inkişaf etdiyi müasir dünyamızda milli varlığımızı saxlamaq şərtilə ümumi düşüncə tərzinə, yaradıcı təfəkkürə sahib olmalı, inkişafı daha miqyaslı şəkildə görməyi bacarmalıyıq. Qeyd etmək lazımdır ki, XX yüzilliyin sonu, XXI yüzilliyin əvvəllərinə qədər ənənəvi təhsil alanlara bir obyekt kimi yanaşılıb, təhsildə əsasən avtoritar idarəetmə üsullarına üstünlük verilibdir. 90-cı illərdən başlayaraq müasir tələblərə cavab verən təhsil sisteminin qurulması hazırki dövrdə kurikulum təhsil sisteminin yüksək səviyyədə inkişafına rəvac veribdir. ABŞ, İngiltərə, İzrail, İtaliya, Finlandiya, İsveç və digər inkişaf etmiş ölkələrin təcrübələri öyrənilibdir. Məqsəd isə ondan ibarət olub ki, ölkəmizin təhsil işçiləri ümumi təhsil sahəsində qabaqcıl dövlətlərdə ümumi təhsilin məzmununa, şagirdlərin qiymətləndirilməsinə verilən tələblərə, inkişaf yollarına səmərəli şəkildə davam edilməsinə nail olsunlar.
Ulu öndər Heydər Əliyevin xeyir-duası ilə başlanan genişmiqyaslı və mərhələli təhsil islahatları müstəqil respublika kimi milli ideologiya axtarışlarında olan, mədəniyyət və mənəviyyatını azərbaycançılıq məfkurəsi üzərində qurmağın vacibliyini dərk edən bir xalq və ölkə üçün hava və su kimi olduqca vacib olubdur. Məhz düzgün inkişaf trayektoriyasında addımlayan Azərbaycan təhsil sistemi müasir və mütərəqqi dünya təhsil məkanının ayrılmaz hissəsinə çevrilibdir. Bunun nəticəsi olaraq hal-hazırda diplomlarımız ən qabaqcıl təhsil, biznes və karyera mərkəzlərində adekvat şəkildə qarşılanmaqdadır.
Hal-hazırda ölkəmizdə milli təhsil prinsiplərinə uyğun, milli və ümumbəşəri dəyərlər nəzərə alınmaqla kurrikulum təhsil modeli tətbiq edilməkdədir. Bu modelin tətbiqi yeni təhsil standartları və proqramlarının tətbiqinə, təhsil sisteminin humanistləşdirilməsinə, yeni təlim texnologiyalarının, avadanlıqlarının orta məktəblərə gətirilməsinə şərait yaradıb. Məhz kurikulum təhsil modeli orta təhsildə vahid informasiya sistemləri və şəbəkələrinin yaradılmasına, məktəb və müəllim nüfuzunun yüksəldilməsinə, pedaqoji fəaliyyətin stimullaşdırılmasına təkan veribdir.Bu baxımdan yeni nəsil dərsliklərin yaradılması, məktəb kitabxanalarının və kütləvi kitabxanaların kitab fondunun yenilənməsi və məktəblərin ayrı-ayrı fənlər üzrə ən müasir tədris vəsaitləri və vasitələri ilə təmini həyata keçirilibdir.
Məlumdur ki, kurikulumu zəruri edən əsas cəhətlərdən biri dünya təhsil sisteminə inteqrasiya olunmaqla yanaşı informasiya əsrinin tələblərinə cavab verməkdir. Qeyd etmək lazımdır ki, tədris prosesində təlimin keyfiyyətinin artırılması məqsədilə tətbiq olunan interaktiv metodlarından istifadə zamanı İKT və digər vasitələr əhəmiyyətli rol oynayır. İnformasiya-kommunikasiya texnologiyalarının tədris prosesinə tətbiqi müxtəlif dərs formalarının həyata keçirilməsinə və onların istifadə olunması üçün pedaqoji şərtlərin formalaşdırılmasına imkan veribdir. Belə ki, dərsdə İKT-dən istifadə edən müəllimin bu sahə üzrə müəyyən bacarıq və vərdişlərinin olması internet resurslarına və multimedia vasitələrinə uyğun olan təhsil şəraitinin yaradılması tədris olunan mövzunun məzmununun müfəssəl şəkildə çatdırılmasına nail olunması zəruri tələblərdir. Bir sözlə, təlimdə texniki vasitələr və İKT-dən istifadə şagirdlərin tədris olunan mövzunu ətraflı mənimsəməsi, lazımi bacarıq və vərdişlərə yiyələnməsinə stimul verməklə yanaşı müəllimin sərf etdiyi əməyi də qismən yüngülləşdirən yüksək tədris situasiyası yaratmağa qadir olan müasir vasitələrdir. Bu vasitələrdən istifadə olunması şagirdlərdə informasiya bazasının çoxalmasına və mövzunun asanlıqla dərk edilməsinə şərait yaradır.
Bir məsələni də diqqətə çatdırmaq lazımdır ki, təlim texniki vasitələrini əyani vasitələrlə eyniləşdirmək olmaz. Əyani vasitələr informativ xarakterə malik olduğu halda, texniki vasitələr bu funksiyanı daha dinamik və əyani şəkildə həyata keçirir. Bu səbəbdən kurikulum proqramının tələblərinə uyğun olaraq ölkəmizdə şagirdlərə keçirilən dərslər böyük uğurla bu istiqamətdə aparılır.
Orta məktəblərdə təhsil alan şagirdlərimiz millətimizin sabahıdır. Onların təhsilinə, təlim-tərbiyəsinə, sağlamlığına düzgün münasibət xalqımızın aydın sabahının, parlaq gələcəyinin təminatıdır. Məhz kurikulum təhsil modeli şagirdlərdə özünəinam hissi oyadır ki, bu da onların öz fikirlərini sərbəst şəkildə ifadə etməsinə şərait yaradır.
Xumar Məmmədova
Naxçıvan Dövlət Universiteti
Filologiya üzrə fəlsəfə doktoru, dosent