Koronavirus səbəbi ilə məktəblərin və universitetlərin bağlanması 160 ölkədə təxminən 1 milyard tələbə və məktəbli üçün təhsil prosesini tam pozub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş iyulun ortalarına olan məlumatlara istinadən söyləyib.
O əlavə edib ki, dünyada ən azı 40 milyon uşaq həyati vacib məktəbəqədər təhsildən məhrum edilib. Dərslərin onlayn, radio və televiziya ilə təmin edilməsi səyləri bütün şagirdləri əhatə etməyib. Pandemiyadan əvvəl 250 milyondan çox məktəbyaşlı uşaq məktəbdə oxumaq imkanından məhrum idi və inkişaf etməkdə olan ölkələrdə uşaqların yalnız dörddə biri lazımi əsas bacarıqları əldə edərək məktəbi bitirib.