“Naxçıvan” Universitetinin Beynəlxalq əlaqələr şöbəsi yeni akademik ildə daha bir irimiqyaslı beynəlxalq layihənin icrasına başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağı Naxçıvandan Erasmus+ proqramı tərəfindən maliyyələşdirilən ECAR (Azərbaycan Rektorlar Konfransının Yaradılması) layihəsinə tərəfdaş seçilən ilk və yeganə universitetdir.
Qeyd edək ki, layihə 2020-ci ildəki çağırışında Avropa Komissiyası tərəfindən qəbul edilmiş yeganə milli layihədir. Bakı Biznes Universitetinin koordinatoru olduğu layihənin məqsədi Rektorlar Konfransı yaratmaq, universitetlər arasında güclü şəbəkə və əməkdaşlığı dəstəkləmək, milli inkişaf strategiyasına uyğun olaraq rektorlar konfransının yaradılması ilə universitetlər və digər maraqlı tərəflər arasında milli şəbəkə və əməkdaşlığı inkişaf etdirməkdir. Layihədə Azərbaycandan 15, Avropadan 5 ali təhsil müəssisəsi və təşkilat iştirak edir.
Seyfur Hacımuradov