2020/2021-ci tədris ili üçün 9 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat müddəti uzadılıb.
Dövlət İmtahan Mərkəzindən (DİM) NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, abituriyentlər avqustun 18-i saat 23:59-dək qeydiyyatdan keçməlidirlər. DİM orta ixtisas təhsili müəssisələrinin aşağıdakı ixtisasları üzrə qabiliyyət imtahanları təşkil edəcək:
- Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kollecinin ixtisaslarına;
- Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin ixtisaslarına (Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla);
- Bakı Xoreoqrafiya Akademiyasının orta ixtisas təhsili pilləsinin Xoreoqrafiya sənəti və Rəqs müəllimliyi ixtisaslarına;
- Naxçıvan Musiqi Kollecinin Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti, Xoreoqrafiya sənəti və Rəngkarlıq ixtisaslarına;
- Digər orta ixtisas təhsili müəssisələrinin Xanəndəlik və Vokal sənəti ixtisaslarına.
Qabiliyyət imtahanları ləğv edilmiş XQTİ-lərə qəbul olmaq istəyən abituriyentlər müsabiqədə kolleclərə qəbul imtahanından (cari ilin məzunları buraxılış imtahanından) topladıqları bal əsasında iştirak edəcəklər.
Xatırladaq ki, bir müddət əvvəl DİM “Xüsusi qabiliyyət imtahanları” jurnalının 2020-ci il 2-ci nömrəsini nəşr edib. Jurnalın elektron versiyasını (pdf formatında) DİM-in internet saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş əsasında əldə etmək olar.