Peşə təhsili üzrə bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi üçün test imtahanı keçiriləcək
Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması üçün müvafiq ixtisas üzrə test imtahanı keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən test imtahanı kompüter vasitəsilə aparılacaq. Müvafiq inzibati ərazi vahidinin infrastruktur təminatı test imtahanının kompüter vasitəsilə keçirilməsini mümkünsüz etdikdə, imtahan kağız daşıyıcılar vasitəsilə keçirilə bilər.
Ərizəçiyə hər bir modul üzrə 10 sual veriləcək və hər düzgün cavab 1 (bir) balla qiymətləndiriləcək. Ərizəçiyə sualların cavablandırılması üçün 60 dəqiqə vaxt ayrılacaq. Əlilliyi olan şəxslərin imtahan vaxtına 15 dəqiqə əlavə olunacaq və onların imtahanda iştirakı üçün əlverişli şərait yaradılacaq. Sualların 50 faizindən çoxunu düzgün cavablandıran ərizəçi bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi mərhələsinə buraxılacaq və bu barədə onun “Şəxsi kabinet”inə məlumat göndəriləcək.
Biliklərin qiymətləndirilməsinin nəticələri elan olunduğu tarixdən etibarən 3 il müddətində qüvvədədir.