Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturaya qəbul olmaq üçün avqustun 5-də keçirilmiş baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanının nəticələrini açıqlayıb
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, hər bir namizəd Mərkəzin internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilər. İmtahan nəticələri haqqında məlumatı, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə öyrənmək mümkündür.
Nəticələrə əsasən, imtahanda iştirakı nəzərdə tutulan 1526 namizəddən 98 nəfəri imtahana gəlməyib. 762 namizəd birinci mərhələnin müsabiqə şərtini (40 və daha yüksək bal) ödəyib.
Bu il üzrə 295 nəfər, əvvəlki illər üzrə isə 336 nəfər olmaqla, ümumilikdə 631 namizəd ikinci mərhələyə buraxılıb.
Müsabiqə şərtini ödəyənlərdən 131 nəfər IV və ya V kurs tələbələridir. Baza fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanından “məqbul” alan IV və V kurs tələbələri ixtisas fənləri üzrə biliklərin qiymətləndirilməsi imtahanına yalnız rezidenturaya qəbul olunmaq hüququ əldə etdikdən sonra buraxılırlar.
İmtahanda ən yüksək nəticə toplanılması mümkün olan 100 baldan 82 bal olub.
Qeyd edək ki, imtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün onlayn qaydada Apelyasiya Komissiyası fəaliyyət göstərəcək. Komissiyaya müraciət etmək üçün elektron ərizə forması apelyasiya.dim.gov.az saytında yerləşdiriləcək. Namizədlər Apelyasiya Komissiyasına 7-9 avqust tarixlərində müraciət edə bilərlər.