Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınmasının nəticələri ilə bağlı ərizəçinin şikayətinə baxılması üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən 3 nəfərdən ibarət Apelyasiya Komissiyası yaradılacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənən “Vətəndaşların peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahanın keçirilməsi və onlara peşə ixtisasını təsdiq edən sənədin verilməsi Qaydası”nda öz əksini tapıb.
Qaydaya əsasən, komissiyasının tərkibini Agentliyin İdarə Heyətinin sədri müəyyən edir. Agentliyin İdarə Heyətinin sədrinin müavini Apelyasiya Komissiyasına sədr təyin olunur. Apelyasiya Komissiyasının üzvləri Qiymətləndirmə Komissiyasının üzvləri olmayan şəxslərdən formalaşdırılır.
Ərizəçi Apelyasiya Komissiyasına “Şəxsi kabinet”i vasitəsilə nəzərdə tutulmuş müddətlərdə müraciət edə bilər. Müraciətə 10 iş günü müddətində baxılır və Apelyasiya Komissiyası üzvlərinin sadə səs çoxluğu ilə qərar qəbul edilir. Apelyasiya Komissiyasının qəbul etdiyi qərara dair bildiriş elektron formada 5 iş günü müddətində müraciət edən ərizəçinin “Şəxsi kabinet”inə göndərilir.
Apelyasiya Komissiyasının qərarlarından inzibati qaydada və ya məhkəməyə şikayət verilə bilər.