AMEA-nın Naxçıvan Bölməsinin Əlyazmalar Fondu tərəfindən hazırlanan “Türkdilli əlyazma və çap kitabları” kataloqu işıq üzü görüb.
Bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevin elmi redaktorluğu ilə çap olunan nəşrin tərtibçisi və ön sözün müəllifi bölmənin Əlyazmalar Fondunun direktoru, filologiya elmlər doktoru Fərman Xəlilovdur.
İki hissədən ibarət olan kataloqda Fondda qorunan türkdilli əlyazma və çap kitablarının qısa biblioqrafik təsviri verilib. Birinci hissəyə daxil edilən kitablar “Bədii ədəbiyyat”, “Dilçilik və ədəbiyyatşünaslıq”, “Tarix və ictimaiyyət”, “İlahiyyat və fəlsəfə”, “Pedaqogika, dərslik və dərs vəsaitləri” başlıqları altında qruplaşdırılıb. Yazılma və çap edilmə tarixi 1930-cu ilədək olan bu hissəyə daxil olan əlyazma və çap kitablarının hamısı ərəb əlifbasındadır.
Kitabın ikinci hissəsinə isə latın əlifbasında olan kitablar daxil edilib. Ərəb əlifbasında olan kitabların müəllifi və kitabların adı həm ərəb, həm də latın qrafikalı müasir Azərbaycan əlifbasında göstərilib.
Qeyd edək ki, fonddakı ümumilikdə sayı 200-ə çatan, elm və mədəniyyətin, tarix və ədəbiyyatın müxtəlif sahələrinə aid əlyazma və çap kitablarının əksəriyyəti muxtar respublikanın müxtəlif ərazilərindən toplanılıb. Fondda qorunan ən qədim türkdilli əlyazma kitabı 1857-ci ildə Əsgər ibn-Hüseyn bəy Ordubadinin sifarişi ilə Məşədi Hacıağa Təbrizi tərəfindən üzü köçürülən Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasıdır. Azərbaycan dilində olan həmin əlyazmaya 22 rəngli miniatür də daxil edilib.