Muxtar respublikada təhsil sahəsində quruculuq işləri uğurla davam edir - FOTOLAR
Altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin birinci sessiyasında qəbul edilən fəaliyyət proqramında muxtar respublikada elm və təhsilin inkişafının əsas istiqamət kimi götürüləcəyi, bütün təhsil pillələri üzrə infrastrukturun müasirləşdirilməsi əsas prioritet sahə kimi müəyyənləşdirilib.
Muxtar respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğı sayəsində bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi-tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Təhsilin səviyyəsinin artırılması məqsədilə ötən dövr ərzində muxtar respublikamızda 200-dən çox təhsil müəssisəsi tikilib və ya əsaslı şəkildə yenidən qurulubdur. Muxtar respublikada təkcə 2018-2020-ci illərdə ümumilikdə 16 yeni məktəb binası yenidən bərpa olunub, təhsil müəssisələri lazımi avadanlıqlarla təchiz edilib, məktəblərdə şagirdlərə təhsil almaq üçün əlverişli şərait yaradılıb.
Əvvəlki illərdə olduğu kimi 2020-ci ildə də tikinti quruculuq işlərinin önündə təhsil quruculuğu dayanır. Təkcə 2020-ci ilin birinci yarımili ərzində 656 şagird yerlik 2 ümumtəhsil məktəbi tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib.
2020-ci ildə tikintisi davam edən məktəblər
Hazırda uğurlu quruculuq işlərinin davamı olaraq Şərur rayon Qaraburc kənd ümumi orta, Şərur rayon Şəhriyar, Babək rayon Nəcəfalıdizə, Ordubad şəhər 1 nömrəli, Ordubad rayon Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəbləri, həmçinin Culfa Rayon Təhsil Şöbəsi və məktəbdənkənar təhsil müəssisələri üçün inzibati binada da əsaslı təmir-bərpa işləri aparılır.
Yenidən bərpa olunaraq müasir məktəblərin sırasına qoşulmağa hazırlaşan Məhəmməd Tağı Sidqi adına Ordubad şəhər 1 nömrəli tam orta məktəbi də yeni imkanlarla şagirdlərin ixtiyarına veriləcəkdir. 558 şagird yerlik, zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət olacaq yeni məktəb binasında sinif otaqları, müəllimlər otağı, direktor otağı, kitabxana və yardımçı otaqlar, laboratoriya, kompüter və şahmat otaqları, elektron lövhəli otaqlar, idman zalı və hərbi kabinə yenilənəcək.
Culfa rayon Camaldın kənd tam orta məktəbi də yenidən bərpa olunur. Hazırda məktəbdə tikinti işləri davam edir. 252 şagird yerlik yeni bina 2 mərtəbəli olacaq. Məktəbdə sinif otaqları, kitabxana, elektron lövhəli otaq, direktor və müəllimlər otağı, kompüter, şahmat, soyunub-geyinmə otaqları və idman zalı yenilənəcək. Yeni məktəb binasının bir hissəsində yerləşəcək zirzəmi qatında idman müəllimi üçün otaqlar, elektron lövhəli laboratoriya otaqları, hərbi kabinə, bufet və anbar yerləşəcək.
Yeni tikilən təhsil ocaqlarından biri də 2 mərtəbə və 3 korpusdan ibarət olacaq Culfa Rayon Təhsil Şöbəsinin yeni binasıdır. Binanın birinci mərtəbəsində rayon Təhsil Şöbəsinin tabeliyində fəaliyyət göstərəcək 13 otaqdan ibarət 3 məktəbdənkənar təhsil müəssisəsi Gənc Turist və Diyarşünaslıq, Texniki Yaradıcılıq və Uşaq Gənclər Yaradıcılq Mərkəzləri fəaliyyət göstərəcək. Uşaq Gənclər Yaradıcılq Mərkəzində xidməti otaq, Rəqs, Memarlıq, Rəsm, Qum sənəti, Xalçaçılıq dərnəkləri, Texniki Yaradıcılıq Mərkəzində xidməti otaq, Robotexnika, Bujiteriya, Ağac üzərində oyma, Ağac üzərində yandırma, Mental-aritmetik dərnəkləri, Gənc Turist və Diyarşünaslıq mərkəzində isə xidməti otaq, Toxuma, Bədii tikmə, Heykəltəraşlıq və Dulusçuluq dərnəkləri yaradılacaqdır.
Binanın ikinci mərtəbəsində isə Culfa Rayon Təhsil Şöbəsi üçün 12 iş otağı - müdir və gözləmə otağı, baş məsləhətçi, baş mühasib, metod kabinetin müdiri, mühasib köməkçisi, 2 metodist, timis və kadrlar üzrə məsləhətçi, aparıcı məsləhətçi üçün otaqlar və akt zalı yerləşəcəkdir.
Hazırda binada son tamamlama işləri görülür, həyətyanı sahədə abadlıq işləri aparılır. Bundan əlavə binanın arxa hissəsinin zirzəmisində elektrik otağı və qazanxana yerləşir. Həmçinin burada işıqlandırma sisitemi, yaşıllıq zolağı və gülkarlıq da yaradılacaqdır.
Ordubad rayon Nüsnüs kənd tam orta məktəbi də yenilənən məktəblər sırasındadır. 2 mərtəbə və zirzəmidən ibarət olmuş köhnə məktəb binasında mart ayından başlayaraq əsaslı təmir işləri aparılır. 414 şagirdin təhsil alması üçün zirzəmi ilə birlikdə 3 mərtəbədən ibarət yeni məktəb binasında sinif otaqları, laboratoriyalar, elektron lövhəli otaq, şahmat, kompüter otağı, idman zalı, bufet yenilənəcək, müasir tələblərə cavab verəcək hərbi kabinə və kitabxana yaradılacaq.
Əsaslı yenidən qurulan Şərur rayon Qaraburc kənd ümumi orta məktəbində də tikinti işləri davam etdirilir. Müəllim və şagirdlərin istifadəsinə veriləcək 3 mərtəbədən ibarət müasir tipli məktəb tədrisin keyfiyyətinin yüksəldilməsi üçün ən müasir avadanlıqlarla təchiz ediləcək. 120 şagird yerlik olacaq yeni məktəb binasında sinif otaqları, idman zalı, kitabxana yenilənəcək, köhnə tikilidə olmayan laboratoriya və şahmat otaqları, soyunub-geyinmə otağı, elektron lövhəli siniflər və bufet də inşa olunaraq şagirdlərin istifadəsinə veriləcək.
Geniş imkanların yaradılacağı 2 mərtəbədən ibarət Şəhriyar kənd tam orta məktəbi 226 şagird yerlik olacaq. Təhsil ocağında laboratoriya otaqları, bufet, şahmat otağı, hərbi kabinə yaradılacaq, sinif otaqları, idman zalı və kitabxana yeniləşərək müasir görkəmə qovuşacaq. Məktəbdə internetə çıxışı olan kompüter və elektron lövhə quraşdırılacaq. Məktəbin kitabxana fondu da zənginləşdiriləcək. Binanın həyətində abadlıq işləri aparılacaq, müasir işıqlandırma sistemləri quraşdırılacaq.
2001-ci ildən tikilib, istifadəyə verilmiş Babək rayon Nəcəfalıdizə kənd tam orta məktəbində bu ilin mart ayından başlayaraq geniş quruculuq işləri aparılır. Cəmi 7 otaqdan ibarət 50 şagird yerlik köhnə tikili müasir tələblərə cavab verən 3 mərtəbədən ibarət 78 şagird yerlik 13 sinif otaqlı bina ilə əvəz ediləcəkdir. Məktəbdə keçirilən dərslərin keyfiyyətini artırmaq məqsədilə şahmat sinfi, kitabxana, elektron lövhəli sinif, hərbi kabinə, laboratoriya otaqları və idman zalı qazanxana və bufet inşa olunacaq. Həmçinin binada açıq idman qurğusunun yaradılması da nəzərdə tutulub. Yeni məktəb binasında şagirdlərin rahat şəkildə təhsil almaları üçün hər cür şərait yaradılacaq.
Bütün bunlar muxtar respublika rəhbərliyi tərəfindən təhsil sahəsinə çox böyük töhfədir. Onu da qeyd etmək yerinə düşər ki, muxtar respublikada təhsillə bağlı həyata keçirilən tədbirlərin real nəticələridir ki, yeni məktəblər təhsil göstəricilərinin yüksək olması ilə fərqlənir. Şəraiti əlverişli olan hər bir təhsil ocağında tərbiyə olunan uşaqlar da yaxşı oxumalı, gələcəkdə cəmiyyətdə layiqli yer tutmaq üçün bilikli, savadlı olmalıdırlar.
Ali Məclis Sədrinin müntəzəm dəstəyi və qayğısı sayəsində muxtar respublikada yeni məktəblər inşa edilir, ucqar yaşayış məntəqələrindəki azkomplektli məktəblər belə yeni tipli müasir binalarla əvəz edilir. Ümumtəhsil məktəblərinin əsaslı təmiri və maddi-tədris bazasının möhkəmləndirilməsi, infrastrukturunun yenidən qurulması sahəsində aparılan işlərin ardıcıl davam etdirilməsi bütövlükdə ümumi təhsilin keyfiyyətinin yaxşılaşmasına, təlim-tərbiyə şəraitinin, pedaqoji kollektivlərdə iş əzminin yüksəlməsinə müstəsna dərəcədə əhəmiyyətli təsir göstərib. Görülmüş tədbirlərlə əlaqədar muxtar respublikada vaxtilə təhsilin keyfiyyəti baxımından fərqlənməyən bir sıra məktəblərdə son illər ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarının nəticələrində, bütövlükdə isə ali və orta ixtisas təhsili müəssisələrinə qəbulda müsbət dəyişikliklər müşahidə olunmaqdadır.
Dövlət ümumtəhsil məktəblərində məktəbəhazırlıq qruplarının yaradılması, eləcə də fənlərin məzmununun təkmilləşdirilməsi, şagirdlərin yaradıcılıq qabiliyyətinin, idrak fəallığı və dünyagörüşünün genişləndirilməsində böyük rol oynayıbdır. Bununla yanaşı, muxtar respublikanın təhsil müəssisələrində milli-mənəvi dəyərlər zəminində şagirdlərin tərbiyəsi istiqamətində bir sıra pilot layihə və müsabiqələr təşkil edilib, məktəb və valideyn əlaqələrinin möhkəmləndirilməsi və yerli təhsil orqanları ilə ümumi təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsi sahəsində məqsədyönlü işlər aparılıbdır. Muxtar respublika məktəbliləri arasında fənn olimpiadalarının təşkili şagirdlərimizin Respublika fənn olimpiadalarında və digər beynəlxalq bilik yarışlarında ildən-ilə daha da çox uğur qazanmaları ilə nəticələnir. Ümumi təhsilin keyfiyyətinin müasir çağırışlara uyğunlaşdırılması, xüsusilə də inteqrasiya meyillərinin getdikcə gücləndiyi bir dövrdə uşaq və gənclərin vətənpərvərlik, milli-mənəvi dəyərlərə sadiqlik ruhunda tərbiyə edilməsi bu sahədə qarşıda duran əsas vəzifələrdən biridir.
Ümumiyyətlə, bu gün muxtar respublikada yeni məktəblərin tikintisi, məktəblərdə aparılan əsaslı təmir işləri, əlavə korpusların inşası böyük vüsət alıb. Muxtar respublikanın təhsil sahəsində həyata keçirilən abadlıq və quruculuq işləri gələcəyimiz olan şagirdlərin inkişafına xidmət edir. Hazırda muxtar respublikanın ən ucqar kəndlərində belə yeni obyektlərin, müəssisələrin tikilib istifadəyə verilməsi hər kəs tərəfindən sevinclə qarşılanır.
Ülviyyə Hacıyeva
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidməti