Buraxılış imtahanlarında iştirak edən şagirdlərin yekun qiymətləri “Şagird-məzun” sisteminə daxil edilib
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən iyunun 21-də keçirilmiş buraxılış imtahanlarında iştirak edən 62916 şagirdin və psixoloji-tibbi-pedaqoji komissiyanın qərarı əsasında buraxılış imtahanlarından azad olunmuş 723 məktəblinin ümumi orta və tam orta təhsil səviyyələrində yekun attestasiyası aparılıb. Dövlət nümunəli təhsil sənədinə yazılacaq yekun qiymətləri “Şagird-məzun” sisteminə daxil edilib.
DİM-dən NUHÇIXAN-a bildirilib ki, həmin məzunların bitirdikləri ümumtəhsil müəssisələri dövlət nümunəli təhsil sənədlərinin verilməsi üçün Təhsil Nazirliyinə müraciət edə bilər.
Hazırda DİM tərəfindən iyunun 27-də keçirilən buraxılış imtahanlarına qatılan şagirdlərin yekun attestasiyasının aparılması işi davam edir. Yekun qiymətlər tezliklə “Şagird-məzun” sisteminə daxil ediləcək.
Xatırladaq ki, iyunun 21-də DİM tərəfindən Bakı, Şirvan şəhərlərindəki və Naxçıvan Muxtar Respublikasındakı orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərinin (9 və 11-ci sinif) şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilib.