Azərbaycan İlahiyyat İnstitutuna (Aİİ) islamşünaslıq ixtisası üzrə qəbul olmaq istəyən abituriyentlərin III ixtisas qrupu imtahanı ilə yanaşı, Dini-Psixoloji Komissiyanın təşkil etdiyi qabiliyyət imtahanından keçmələri də nəzərdə tutulur.
Aİİ-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Dini-Psixoloji Komissiya (DPK) Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılır. Komissiya ilahiyyat sahəsi üzrə mütəxəssislər, psixoloqlar və DİM-in əməkdaşlarından ibarət olur. Qabiliyyət imtahanı zamanı abituriyentlərin ümumi bilikləri, dini təsəvvürləri, psixoloji vəziyyətləri, yaradıcı təfəkkür imkanları müsahibə əsasında müəyyənləşdirilir.
Qabiliyyət imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul” qiymətləndirilir. Məqbul qiymət alan abituriyentlər DİM tərəfindən keçirilən müvafiq ixtisas seçimində iştirak edə bilərlər.
İmtahandan “məqbul” qiymət almış abituriyentlər DİM-in müəyyənləşdirdiyi vaxtda ixtisas seçərək ərizələrini təsdiq etməlidirlər. Əks halda, onlar müsabiqəyə buraxılmayacaq. Qabiliyyət imtahanında abituriyentlərin aşağıda qeyd olunan sahələr üzrə bilikləri qiymətləndiriləcək:
- Dünyagörüşü və dini bilikləri (dinlər, habelə İslam dini barədə bilikləri, Azərbaycanın və dünyanın mövcud dini mənzərəsi haqqında məlumatlılığı, dini radikalizm, dini fanatizm və dini ekstremizmə dair bilikləri);
- Dini baxışlar və dünyəvilik anlayışı (ümumi dünyagörüşündə dinin yeri və rolu, milli-mənəvi, habelə dini dəyərlərə baxışı, müasir cəmiyyətdə dinin yeri və roluna münasibəti);
- Psixoloji parametrlərin islamşünaslıq ixtisasına uyğunluğu (gələcəkdə din xadimi kimi fəaliyyət göstərməyə münasibəti, dövlətçilik və vətənpərvərlik mövqeyi, insanlarla ünsiyyət bacarığı, xitabət və natiqlik qabiliyyəti);
- Tolerantlıq və multikulturalizm təsəvvürləri (tolerantlıq və multikulturalizm barədə fikirləri, dini müxtəlifliyə münasibəti, davranışlarının tolerantlıq və multikulturalizm anlayışlarına uyğunluğu).
Xatırladaq ki, 2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq istəyən abituriyentlərin qeydiyyatı başlayır. Azərbaycan İlahiyyat İnstitutunun islamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər müsahibədə iştirak üçün avqustun 27-dən 30-dək qeydiyyatdan keçə bilərlər.
Qeydiyyatdan keçən abituriyentlər test imtahanının nəticələrinə əsasən, müvafiq müsabiqə şərtlərinə (müsabiqəyə ümumi balı 150-dən və imtahanın ikinci mərhələsi üzrə balı 50-dən az olmayan abituriyentlər) uyğun olduqları halda müsahibəyə buraxılırlar.