Qədim dövr Naxçıvan ədəbi mühitinə dair qiymətli əsər

A- A A+

Günümüzdə bəşər tarixinə öz qədim abidələri, qayaüstü rəsmləri və yazı nümunələri ilə qiymətli elmi yeniliklər verən Naxçıvan torpağı ilk sivilizasiya mərkəzlərindən biri olubdur. Bununla bərabər bütöv Azərbaycanımızın bir parçası olan bu yurdun qədim və müasir dövr ədəbi mühiti və ədəbi mədəniyyət nümunələri də dünya ictimaiyyətinə təqdim olunan Azərbaycan mədəniyyəti möhürü yerindədir.

AMEA-nın Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Nərgiz İsmayılovanın Türkiyədə çapdan çıxmış “Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində” adlı monoqrafiyası da günümüzə qədər tam olaraq tədqiq edilməmiş bir mövzunun elmi təsdiqi və ictimai mühitə qiymətli hədiyyəsidir.

Kitabın I fəsli “Qədim və orta əsrlər Naxçıvan ədəbi mühitində Şərq tipli ədəbiyyat”, “Qədim və orta əsrlər Naxçıvan ədəbi mühitinin görkəmli ədəbi simaları” başlıqlarında müəllif Avropa romantiklərinə Şərq ədəbiyyatının təsiri, onların “Zərdüştlük” dini təsəvvürlərindən bəhrələnməsi kimi amillər diqqətə çatdırılır. Burada Qətran Təbrizi və Əsədi Tusi, Heyran xanım kimi şair və yazıçıların Azərbaycanın feodal dövlətlərindəki yeri, həyatı və yaradıcılıqlarından verilən nümunələr və yeni elmi faktlar gənc alimin əvəzsiz tədqiqatlarının davamı kimi xüsusi elmi əhəmiyyət daşıyır. Şərq və Qərb ədəbi mühiti, mədəniyyəti ilə təmasda olan o dövr Naxçıvan ədəbi mühitinin qədim dövrünü tədqiq edən Nərgiz İsmayılova Herodotun “Tarix” əsərinə, “Kitabi-Dədə Qorqud” yazılı dastanımıza, digər qədim mənbə və problemlə bağlı aparılan tədqiqatlara müraciət etməklə, Naxçıvan Şərq və Qərb ədəbi mühitinə müqayisəli yanaşıbdır. O dövr ədəbi mühitin tarixini, onu yaradan şəxsiyyətlərin bu mədəniyyətin inkişafındakı rolunu faktlarla təsdiq edən müəllif, qədim mənbələrə müraciət etməklə monoqrafiyada xeyli yeni elmi fikirlərini də ictimaiyyətə çatdırır.

Bununla yanaşı başlıqlarda XIII-XIV əsrlər Naxçıvan, Təbriz, Marağa və başqa ərazilərdəki ədəbi mühiti geniş təhlil etməklə, həm də öz elmi təfəkkürü və tədqiqat üslubunu ortaya qoyan müəllif Əhməd ən-Nəşəvi, Nəcməddin Naxçıvani, Sadiq bəy Ordubadi, Baba Nemətullah Naxçıvani, Fəxrəddin Hündişah Naxçıvani kimi xeyli müəllifin nəinki Naxçıvan, eləcə də Azərbaycan ədəbi-bədii mühitinin Şərq və Qərbə təsirinə dair müstəqil fikirlərini irəli sürübdür. Monoqrafiyanın bu fəslində Həsənoğlu, Nəsimi, Qazi Əhməd Bürhanəddin, Əbdül Qadir Marağayi kimi xeyli mütəfəkkirin əsərlərinə müraciət edən N.İsmayılova bu yazılarda klassik Şərq ədəbi mühitinə olan maraq istiqamətlərinə aydınlıq gətirib, eləcə də onlardan bəhrələnmələrə dair nümunələr verməklə öz elmi baxışlarını da ortaya qoyub və burada daha çox həqiqətlərin yer aldığına dair xeyli nümunələr göstəribdir. Bütün bunlara nail olmaq üçün o dövrə aid  mənbələri araşdırmaq, müqayisələr aparmaq bu gənc alimin  əsl vətəndaşlığının, milli təəssübkeşliyinin təcəssümü kimi özünü təqdim edir. Monoqrafiyada o dövr Naxçıvan diyarının ədəbi mühit mədəniyyətinə dair yeni faktların üzə çıxarılması isə gənc alimin əsl tədqiqatçılıq bacarığını və ağır zəhmətini ortaya qoyur.

Bildiyimiz kimi, müstəqillik əldə etdiyimiz hazırkı dövrdə bizə qısqanclıqla baxan bir sıra dövlətlər, o cümlədən ən qədim tariximiz, dilimiz və mədəniyyətimizlə yanaşı, milli ədəbiyyatımıza, onların qədim əlyazmalarına da  sahib çıxmağa çalışan məkrli düşmənlərimiz bu istiqamətdə müəyyən hiylələrə əl atır, bu ərazi bədii mühitindən bəzi nümunələri də öz adlarına çıxmağa cəhd edirlər. Lakin müəllif tərəfindən göstərilən mənbə və tədqiqat əsərlərindəki faktlar Naxçıvan ədəbi-bədii mühiti mədəniyyətinin özümüzə, türk-Azərbaycan xalqına aidliyini təsdiq etməklə, ərazinin ən qədim dövrlərdən türklərin ana yurdu olduğunu, onların bu hiylələrinin tam olaraq tarix, dil, mədəniyyət oğrusu olduqlarını sübut edir.

Kitabın II fəslindəki 6 yarımbaşlıqda da müəllif tərəfindən XIX əsr Naxçıvan ədəbi mühitində dünyəvi ədəbiyyatın inkişafına marağın qüvvətlənməsi, klassik Şərq ədəbi ənənələrinə yaradıcı münasibət önə çəkilibdir. Burada İ.Flavi, K.Ptolomey, M.Xorenski, Ö.Çələbi, son  əsrlərdə K.Nikitin, K.N.Smirnov və b. bu kimi antik və son əsrlər müəlliflərin əsərlərindəki Naxçıvan ərazisi coğrafi adlarına münasibət araşdırılıb, ərazinin Nuh yurdu olması faktlarına müraciət edilməklə münasibət bildirilibdir. Bununla bərabər Naxçıvanı daim ziyarət edən Qərb və Şərq xarici səyyahları Şarden və Frehanq, Tavariye Dübuye de-Mopere və Moryer Robert Ker Peter kimi tarixçi, coğrafiyaşünas, səyyah və missionerlərin istər qədim abidə və mədəniyyət ocaqları, istərsə də ədəbi-mədəni mühitinə dair fikirləri geniş təhlil olunubdur. Əsərdə Məmməd Tağı Sidqinin elmi-pedaqoji fəaliyyətində Şərq və Qərb amili önə çəkilməklə geniş araşdırılıb, onun bu yurdun ədəbi mühitindəki yerinə gərəkli faktlar göstərilibdir ki, bu da N.İsmayılovanın ağır zəhməti və tədqiqatçılıq peşəkarlığının danılmaz göstəricilərinin tam sübutları kimi ortaya çıxır.

Monoqrafiyanın bu 6 başlığında İ.Həbibbəyli, Ə.Şərif kimi müasir elm korifeylərinin də bu istiqamətli əsərləri araşdırılmaqla bərabər XIX əsrin ədəbi-mədəni mühitində Qonçabəyimin yaradıcılığı əhatəli təhlil olunub, ondan nümunələr verilib və bu mədəniyyətin xalqımıza mənsubluğu göstərilən elmi və bədii yaradıcılıq faktları ilə sübut edilibdir. Burada müəllif Heyran xanımın da həyatı və yaradıcılığını əhatəli tədqiq etməklə, oradan gətirdiyi nümunələrə istinadən o dövr Naxçıvan ədəbi-mədəni mühitində yeni nəfəs duyulduğundan bəhs edir. Bu illərdə ilk olaraq Ordubadda yaranıb, sonra Naxçıvanda geniş vüsat alan “Əncüməni şüəra” ədəbi-mədəni mühiti də monoqrafiyada geniş yer almaqla, bu mühitin Fəriq Ordubadi, Məhəmməd Tağı Sidqi, Qüdsi Vənəndi kimi 25-dən yuxarı üzvündən, onların yaradıcılığında Qərb və Şərq vəhdətindən də nümunələr verilibdir. Burada o dövr şair və yazıçılarımızın əsərlərindəki yeniliklər müəllif tərəfindən önə çəkilməklə müqayisəli təhlil edilir.

Qeyd edək ki, istənilən dövrdə istər Azərbaycan, istərsə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan ədəbi mühitində siyasi gedişlərə baxmayaraq, müstəqil fikirlərin yer aldığı məlumdur. Bu baxımdan kitabda XX əsr Naxçıvan ədəbi mühitində Şərq və Qərb ənənələri, C.Məmmədquluzadə, M.S.Ordubadi yaradıcılığında özünəməxsusluq, milli dəyərlər geniş təhlil edilməklə, onların yaradıcılığındakı realizm, romantizm və bu kimi amillər müqayisəli araşdırılır. Müəlliflərin yaradıcılığında “Xatiratım”, “Poçt qutusu”, “Qurbanəli bəy”, “Dumanlı Təbriz”, “Qılınc və qələm”, demək olar ki, bütün əsərlərdən nümunələr göstərilməklə yanaşı “Molla Nəsrəddin” jurnalının o dövr yayım arealı və bədii nümunələrin Şərq və Qərb ədəbi mühitindəki oxşar və fərqli cəhətləri N.İsmayılova tərəfindən geniş təhlil edilibdir. Burada bədii ifadə imkanları, tənqidi realist nəzəriyyə, romantizm kimi məsələlərin müqayisəli tədqiqi xeyli gərəkli elmi faktlar ortaya çıxarıb, nəticədə ərazi ədəbi mühit mədəniyyətinin qədimliyi, özünə məxsusluğu kimi xeyli problemli məsələlərə aydınlıq gətirilibdir. Bu tədqiqat zamanı əldə edilən elmi yeniliklər, Naxçıvan ədəbi mühitinin özünəməxsus olmaqla ən qədim dövrlərə dayandığını sübut etməklə bərabər N.İsmayılovanın apardığı müqayisəli təhlillərin nəticəsi, buradakı tədqiqat üslubu müəllifin qeyri-adi bir istedada sahibliyinin də bariz nümunələrini ortaya çıxarır.

Kitabın III fəslində 8 yarımbaşlıq və əlavə başlıqlarda XX əsr Naxçıvan ədəbi-mədəni mühitinin tədqiqi geniş yer alır. Burada sovetlər dövrü Naxçıvan ədəbi mühitində Şərq və Qərb ədəbi ənənələrinə münasibət, Qərb ədəbi əlaqələrin zəifləmə səbəbləri, Azərbaycan müstəqillik əldə etdikdən sonra Naxçıvan ədəbi mühitində Şərq və Qərb meyllərinə yeni baxış kimi məsələlər geniş araşdırılıbdır. Burada mövcud  mühitdəki bir sıra qanunsuzluqlar, sovet siyasətinin Şərq əleyhinə gördüyü işlər, milli dərkə qoyulan sədlər, Qərb mədəniyyəti ilə milli kökümüzə yönəlmiş siyasi oyunlar fəaliyyətində istər ədəbi mühitimizə, istərsə də milli mədəniyyətimizə vurulan zərbələrə şəxsi münasibət bildiribdir ki, bu  da müəllifin vətəndaşlıq qeyrətinin təcəssümüdür.

Monoqrafiyanın bu fəslində göstərilən faktlarla yanaşı, Əli Məhbus, Şeyx Məhəmməd Rasizadə, Mahmud Çakər kimilərin siyasi və əsl ədəbi mühitdəki mövqeyi, H.Cavid, M.Müşfiq, S.Mümtaz, Ə.Cavad, B.Çobanzadə, T.Simurğ, X.Qayibova, H.Zeynallı, Ü.Rəcəb və b. bu kimi ədəbi mühit qurbanlarının yaradıcılığı və onları güllələnməsi faktları göstərilir. Həmçinin XX əsrin son 40 ilində Naxçıvan ədəbi mühitində yeri olan M.Nəsirli, İ.Səfərli, H.Razi, M.Araz, K.Ağayeva və xeyli sayda gənc şair, yazıçı və tərcüməçilərin yaradıcılığı geniş tədqiq edilməklə onların əsərlərindən nümunələr verilir. Bütün bu faktlar müəllifin əsl tədqiqatçılıq bacarığının təkzibolunmaz sübutları olmaqla bərabər, Naxçıvan ədəbi mühitinin tədqiqində ortaya çıxardığı yeni elmi yeniliklərdir ki, bu əsər gələcək tədqiqatçılar üçün də əsl mənbə ola bilər.

Nəticə olaraq qeyd edə bilərik ki, bu tarixi mədəniyyət nümunələrinin tədqiqi, Naxçıvan ədəbi mühitinin Şərq mədəniyyətində hansı yeri tutduğunu tam olaraq sübut edir. Biz bir çox bu istiqamətli yazılara müqayisəli nəzər salaraq H.Cavidlə bağlı yazılarımızda belə bir nəticəyə gəlmişik ki, qədim Azərbaycan xalqı istənilən dövrdə bütün mədəniyyət nümunələrini öz fəlsəfi təfəkkürü, mifi, etnoqrafiyası və adətlərinə uyğun yaradaraq ortaya qoyub, onu Qərb və Şərq mədəniyyətlərinə diktə edibdir ki, bunu Drezden, Vatikan kilsələrindən çıxan Azərbaycan yazılı ədəbiyyatları da sübut edir. Müəllifin apardığı tədqiqatı izlərkən biz bu fikrin xeyli sayda təsdiqinə onun tədqiqat üslubundakı müqayisəli təhlillərdə, nəticə olaraq ortaya qoyduğu müstəqil fikirlərində  rast gəlirik

N.İsmayılovanın bu cür geniş, əhatəli, müqayisəli tədqiqatı və əldə etdiyi yeni elmi nəticələri nəzərə alaraq bu gənc alimə möhkəm can sağlığı və gələcək elmi yaradıcılığında yeni-yeni uğurlar arzu edirəm.

Firudin Rzayev

Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun

Onomastika şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: