Naxçıvanda əcnəbi tələbələr arasında labirint strateji oyunu baş tutdu - FOTOLAR
Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun təşkilatçılığı ilə Gənclər Mərkəzində muxtar respublikada təhsil alan əcnəbi tələbələr arasında labirint strateji oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Beynəlxalq Gənclər Günü” münasibətilə ilk dəfə baş tutan oyunda 16 əcnəbi gənc iştirak edib. Qaydalar iştirakçılara izah edildikdən sonra oyuna start verilib. Gənclər 10 maneə və 2 oyun daşından istifadə edərək mübarizə aparıblar.
3 mərhələdən ibarət oyunda qaliblər final mərhələsində qarşılaşıblar. Final turunun nəticələrinə uyğun olaraq, Syed Zahed I, Uddin Nasir II, Nur Haqmi isə III yerlərə layiq görülüblər. Qaliblər fondun hədiyyələri ilə mükafatlandırılıblar.
Oyunun keçirilməsində məqsəd gənclərin strateji düşüncə qabiliyyətini inkişaf etdirmək, zehni inkişafını stimullaşdırmaq, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarətdir.
Mahmud Hüseynov