Ötən yarımildə AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 7 monoqrafiyası, 5 kitabı, 1 metodik vəsaiti, 223 elmi məqaləsi, 121 konfrans materialı, 3 tezisi nəşr edilib, bir xəritə tərtib olunub, 105 əsər xaricdə çapdan çıxıb. Elmi məqalələrdən 10-u impakt faktorlu jurnallarda nəşr olunub. Tədqiqat dövründə “Naxçıvan tarixi-mənbələrdə” kitabı, 4 monoqrafiya və 305 məqalə və konfrans materialları çapa təqdim olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə AMEA Naxçıvan Bölməsində bölmənin 2020-ci ilin birinci yarısı üzrə elmi və elmi-təşkilati hesabatından danışan Bölmənin sədri, akademik İsmayıl Hacıyev deyib.
Akademik qeyd edib ki, bölmənin tərkibindəki elmi qurumlarda təsdiq edilmiş plana uyğun olaraq 38 işin 102 mərhələdə yerinə yetirilməsi nəzərdə tutulub. Bölmə əməkdaşları 2020-ci ilin birinci yarısında Naxçıvanda aparılan beynəlxalq arxeoloji ekspedisiyalarda, arxeoloji qazıntılarda iştirak ediblər. Həmçinin müxtəlif tədqiqatyönümlü araşdırmalar aparılıb.
İsmayıl Hacıyev qeyd edib ki, hesabat dövründə bölmə əməkdaşları tərəfindən Qabıllı və Duzdağdan gətirilmiş gil nümunələrinin tərkibi müəyyən edilib, onların yuyucu vasitə kimi istehsalı üçün hazırlıq işləri həyata keçirilib.
Ötən dövrdə AMEA Naxçıvan Bölməsində 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib. Akademik Naxçıvan Muxtar Respublikası ərazisində “İlandağ” geoparkının yaradılması ilə bağlı görülən işlərin vəziyyəti barədə məlumat verib.
Bildirilib ki, Bölmədə 12 konfrans, rəyasət heyətinin 9 iclası, 7 tədbir, 19 seminar keçirilib. Kitab və monoqrafiyaların təqdimatı, kitab müzakirələri də aparılıb. Bölmə əməkdaşları 12 beynəlxalq tədbirdə məruzə ediblər.
İsmayıl Hacıyev maddi-texniki bazanın gücləndirilməsi istiqamətində görülən işləri də ətraflı təhlil edib, birinci yarımildə buraxılan nöqsanlarla bağlı tapşırıqlar verib.
Məruzə ətrafında çıxış edənlər görülən işlər və qarşıda duran vəzifələr barədə məlumat veriblər.
Turab Hacızadə