Bu gün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 14-də keçirilmiş II və III ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul, I və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahanların (Azərbaycan və ya rus dili) protokollarının, cavab vərəqləri və kartlarının emalına başlanılıb.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) mərkəzin saytında yerləşdirilib.
Xatırladaq ki, imtahanlar 19 şəhər və rayonda təşkil olunub. İmtahanların təşkil edilməsi üçün ümumilikdə 80 imtahan binası, 1427 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasında 80 ümumi imtahan rəhbəri, 243 imtahan rəhbəri, 1869 nəzarətçi–müəllim, 160 buraxılış rejimi əməkdaşı, 80 bina nümayəndəsi iştirak edib.
Mərkəz tərəfindən pandemiya şəraitinin tələblərinə əsasən iştirakçıların yalnız tibbi maska ilə imtahan binasına daxil olmasına icazə verilib. Buraxılış rejimi yeni qaydalara uyğun şəkildə tənzimlənib, imtahan heyəti müvafiq qoruyucu vasitələrlə (xüsusi geyim, əlcək, üz sipəri, tibbi maska) təmin edilib.
Kütləviliyin və təmas hallarının qarşısının alınması məqsədilə imtahan iştirakçıları üçün imtahan binasına müxtəlif daxilolma vaxtları müəyyən edilib. İmtahan keçirilən binaların qarşısında sırada gözləmək üçün nişanlayıcı xətlər çəkilib. İmtahan binasına buraxılış rejiminin növbə ilə – lazımi sosial məsafəni gözləməklə aparılıb. İmtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. Bir nəfərin bədən hərarəti yüksək olduğu üçün binada olan təcili tibbi yardım üzrə həkimin rəyi əsasında imtahana buraxılmayıb. Bir nəfərdə isə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.
İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.