Xarici ölkədə qiyabi (distant) təhsil alan və (və ya) fəaliyyət göstərdiyi ölkədə akkreditə olunmayan ali təhsil müəssisəsində oxuyan tələbələr Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə köçürülmədə iştirak edə bilməz.
Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Azərbaycanın ali təhsil müəssisələrinə köçürülən tələbənin təhsil aldığı ali təhsil müəssisəsi dünyanın ən yaxşı ali təhsil müəssisələri reytinqlərində yer almalıdır. Tələbə xarici ölkə ali təhsil müəssisəsində əyani oxumalıdır.
Köçürülən tələbə DİM tərəfindən keçirilən imtahanlarda iştirak etmədikdə beynəlxalq səviyyəli imtahanlarda qazandığı nəticələr (SAT imtahanından yeni şkala üzrə ən azı 1000, riyaziyyat üzrə ən azı 560, TOEFL İBT imtahanından ən azı 75, İELTS imtahanından ən azı 6.0 bal) uyğun, akademik göstəriciləri isə qənaətbəxş olmalıdır.
DİM tərəfindən keçirilən qəbul imtahanlarında iştirak etdiyi halda isə tələbə köçürülmək istədiyi ali təhsil müəssisəsində müvafiq ixtisas üzrə həmin ildə tələb olunan minimal keçid balını toplamalıdır.
Qeyd edək ki, avqustun 17-dən tələbələrin köçürülməsi prosesinə start veriləcək. Elektron sənəd qəbulu avqustun 23-dək davam edəcək.