Mir Cəlal Paşayevin zəngin yaradıcılıq yolu, pedaqoji fəaliyyəti ötən əsr Azərbaycan tarixi ədəbi prosesinin həm təcrübi, həm də nəzəri-estetik təkamül prosesini özündə ehtiva edən dəyərli milli mənəvi sərvətdir.
O, XX əsr ədəbiyyatının elə klassiklərindəndir ki, onun bədii və elmi irsi böyük bir zaman kəsiyində bədii fikrin sənətkarlıq uğurları, poetik nailiyyətləri ilə yanaşı, ədəbi tənqidin və ədəbiyyatşünaslığın da nəzəri-metodoloji inkişaf mərhələlərinin mahiyyətini özündə əks etdirir. O, hekayə janrının klassik nümunələrini yaratdığı kimi, roman janrının da poetikasına ciddi yenilik gətirmiş ustad yazıçı olmaqla yanaşı, filoloji fikrin inkişafına təməl olan elmi məktəb yaratmış klassik humanitar alimlərimizdən biridir.
Aprelin 26-da XX əsr Azərbaycan elminin, ədəbiyyatının, təhsilinin inkişafında misilsiz xidmətlər göstərmiş xeyirxah insan, görkəmli yazıçı, böyük alim Mir Cəlal Paşayevin anadan olmasının 110-cu ildönümü tamam olur. Yeri gəlmişkən bildirək ki, görkəmli ədibin 100 illiyi Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə nəinki ölkəmizdə, həm də UNESCO-nun baş qərargahında qeyd edilib.
Bu gün Mir Cəlalın ədəbi-elmi irsini yaşadan, onun müasirlik missiyasını reallaşdıran hansı sənət meyarları və elmi-nəzəri konsepsiyadır. Bir yazıçı kimi onun nəsri çağdaş oxucunun mənəvi ehtiyaclarına cavab verən, sənətin əbədiyaşar prinsiplərini özündə cəmləşdirməsidir. Həyat həqiqətini sözün həqiqi mənasında bədii həqiqətə çevirən sənət nümunələrinin tipik nümunələrini Mir Cəlalın klassik nəsr nümunələrində görürük.
Mir Cəlal ədəbiyyata bədii sözün ictimai həyatda güclü nüfuzu olan ötən əsrin 30-cu illərində gəlmişdi. Bu dövrdə ictimai həyata operativ nüfuz edən ədəbi janrlar, xüsusən şeir, oçerk və hekayəyə də çox müraciət olunurdu. Ədəbi prosesin fəal iştirakçılarından biri kimi Mir Cəlalın mətbuatda ilk çıxışı poetik tərcümə nümunəsi olmuşdur. Bu barədə ədib özü yazmışdır: “Bir dəfə Mayakovskinin “Zərbəçi marşı” adlı şeiri əlimə keçdi, onu oxudum və nədənsə tərcümə etmək fikrinə düşdüm. Bir həftə sonra “Zərbəçi marşı” adlı tərcümə şeirim çıxdı. Bu mənim mərkəzi mətbuatda ilk yazım idi”. Bu nəşrdən başlayaraq ömrünün sonuna qədər M.Cəlal paralel olaraq bədii və elmi yaradıcılıqla məşğul olmuş, XX əsr ədəbi-elmi fikrimizin klassiki səviyyəsinə yüksəlmişdir. Yazıçının yaradıcılıq psixologiyasını dürüst müəyyən edən akademik Nərgiz Paşayeva yazır: “Təxminən əlli illik bədii yaradıcılığında Mir Cəlal öz oxucuları ilə həmişə səmimi və obyektiv söhbət aparmışdır: həyat materialını hər cür “kosmetik ədəbiyyatlardan” uzaq, bütün həqiqətləri ilə, gözəllik və faciələri ilə, gülməli və ağlamalı tərəfləri ilə canlandırmağı bacarmışdır”.
Mir Cəlal, yeni ədəbiyyatı yaradanlardan biri kimi 30-cu illər ədəbi prosesinin ən çevik janrlarına müraciət edir, bədii tərcümə və publisistika sahəsində aktiv fəaliyyət göstərirdi. Onun ilk qələm təcrübələri olan bədii oçerkləri ədəbiyyata gəldiyi tarixi dövrün məntiqindən doğurdu. Bu yazılardakı romantik pafos, çağırış ruhu cəmiyyətdə gedən proseslərin əks-sədası idi. Yazıçı ictimai həyatda baş verən proseslərin mahiyyətinə inanır və səmimi bir inamla onun bədii təsdiqinə çalışırdı.
2013-cü ildə Mir Cəlalın nəşr edilmiş felyeton, şeir, oçerk, tərcümə, xatirə və hekayələrdən ibarət beş cildlik əsərləri onun yaradıcılığının ideya-bədii vüsəti haqqında zəngin təsəvvür yaratdı: ədibin yaradıcılığının poetik təkamülünü obyektiv dəyərləndirmək, bu irsin estetik tutumunu bütün əlvanlığı ilə təhlil etmək baxımından bu beş cildliyin müstəsna əhəmiyyəti vardır.
Mir Cəlal klassik hekayə ənənələri zəminində bu janrın yeni poetik imkanlarını aşkarlamışdır. Lirik təhkiyə ilə incə yumor, xəfif bir romantika, istehza, xoşməramlı gülüş Mir Cəlalın hekayələrində bir-birini tamamlayan bədii vasitələrdir. 30-cu illərdən başlayaraq yaradıcılığı boyu bu janra ardıcıl müraciət edən ədib ictimai-mənəvi həyatın ən dərin qatlarına nüfuz etmiş, insan psixologiyasında baş verən prosesləri dərindən müşahidə edərək oxucu diqqətini onun mahiyyətini təyin edən sosial-əxlaqi məsələlərin köklərinə yönəltmişdir.
Akademik Məmməd Arif “Mir Cəlal mahir hekayə ustasıdır, onun hekayələri əksəriyyətlə yığcam və ibrətlidir” deyərək öz qələm dostunun yaradıcılıq imkanlarını dürüst müəyyən edir, bu janrın inkişafında onun xidmətlərini yüksək qiymətləndirirdi. Mir Cəlalın “Anket Anketov”, “Söyüd kölgəsi”, “Təzə toyun nəzakət qaydaları”, “Kəmtərovlar ailəsi”, “Analar yola çıxdılar”, “Qan qardaşı”, “İclas qurusu”, “Vətən yaraları”, “Ərəb qızı”, “Elçilər qayıtdı”, “Xarici naxoşluq”, “Subaylıq fəlsəfəsi” və onlarca digər hekayələrini bu gün də yaşadan, oxudan hansı ideya-bədii səbəblərdir? İlk növbədə, yazıçının həyat həqiqətinə sadiqliyi, bunun bədii reallığa çevrilməsində münasib ifadə sisteminin seçilməsi, adi bir mətləb zəminində oxucunu səfərbər etməsindədir. Mir Cəlal nəsrində bədii təhkiyənin çevikliyi, mövzu ilə bağlı forma keçidləri təhkiyə poetikasının orijinal nümunələridir.
Mir Cəlal hekayə janrına bütün yaradıcılığı boyu müraciət etmişdir. Onun hekayələri fonunda ümumən yazıçının yaradıcılıq təkamülünü izləmək mümkün olduğu kimi, 1930-1970-ci illər Azərbaycan hekayəsinin estetik axtarışlarını, janrın poetikasındakı dinamikanı izləmək mümkündür. Məlumdur ki, 1920-1930-cu illərdə ədəbi fikirdə çox zaman həyat həqiqətinin bədii-məntiqi təsviri zamanı yazıçının fəal publisist müdaxiləsi önə keçirdi. Bu isə ədəbi qəhrəmanları siyasi mühazirəçiyə çevirir, quru və sxematik edirdi. Mir Cəlal klassik hekayə ənənələrinə sadiq idi. Onun qəhrəmanları müasirləri, ictimai mühitin tipik yetirmələri idilər. Mir Cəlal yersiz ritorikalardan, süni pafosdan qaçmağın yeganə və düzgün yolunu həyat həqiqəti ilə bədii reallıq arasında harmoniyaya nail olmaqda, cəmiyyətin mövcud qüsurlarını, onu didib-dağıdan neqativ halları ədəbi mövzuya çevirməkdə görürdü. İbrətamiz haldır ki, Mir Cəlal namuslu bir yazıçı kimi öz sənət kredosuna sadiq qaldı və 1950-1960-cı illərdə yazdığı hekayələrində də cəmiyyətdə müşahidə etdiyi ciddi qüsurları qələmə aldı. “O yana baxan”, “Novator”, “Mən deyən”, “Hesab dostları” kimi hekayələrində müəllifin yaradıcılığı üçün yeni keyfiyyətlər üzə çıxır. Bədii təsvirdə açıq tendensiya sezilmir, əksinə, qəhrəmanların daxili mənəvi təkamülü, psixologiyası diqqət mərkəzində dayanır. Ədib özü bu janrın poetikasından danışarkən yazırdı: “Hekayədə diqqət əsas mətləbə cəlb olunur, müəllif söyləmə, izah, təfərrüat, misal, mühakimə və dəlillərə çox da uymur. Söyləmənin özündə bədii sənətkarlığın bir çox mətləbləri – dramatizm, lirika, romantika, yaxud satira, yumor – iştirak edir”.
Əhvalat və xarakter, portret hekayələrinin klassik nümunələrini yaratmış Mir Cəlal Paşayev meşşanlığın, formalizmin, ictimai həyatdakı yeknəsəqliyin insanların həyat vərdişinə çevrilməsi prosesini qələmə alarkən kəskin satira, istehza, ironiya, mənalı gülüş ustası kimi çıxış edirsə, müharibə mövzusunda yazdığı hekayələrində bədii təhkiyənin mərkəzinə xəfif romantik intonasiya gəlir. Böyük humanist yazıçının insan taleyi naminə vətəndaş yanğısını, mənəvi ağrılarını görürük.
Mir Cəlal nəsrində bədii poetik keçidləri, mətnaltı emosional tutumu yazıçının müharibə mövzusunda yazdığı hekayələrdə dəqiq müşahidə edən akademik Mirzə İbrahimov yazırdı: “Mir Cəlal klassik novellalar pişkinliyini xatırladan “Atlı” hekayəsində vətən eşqi ilə çırpınan saf bir insan qəlbinin necə qəhrəmanlıqlara qabil olduğunu təsvir edir”.
Yazıçının qələmindən çıxmış “Dirilən adam”, “Bir gəncin manifesti”, “Yolumuz hayanadır”, “Açıq kitab”, “Yaşıdlarımız”, “Təzə şəhər” kimi əsərləri roman janrının tarixi təkamülünü əks etdirir. Bu əsərlərin hər biri ədəbi prosesə bir canlılıq gətirmişdir. Roman janrı ətrafında ən çox mübahisələrə, müzakirələrə səbəb olan əsərlər sırasında Mir Cəlalın yaradıcılığı da xüsusi yer tutur.
Görkəmli ədibin romanlarında insan tarixi-inqilabi prosesin axarında təsvir olunur, onun qəhrəmanları yeni ideya-bədii idealın daşıyıcılarıdır. Fərdi talelər yazıçını daha çox düşündürür, lakin ədib yaxın tarixi keçmişin hadisələrini və cəmiyyətin müasir durumunu 1930-1950-ci illərin sosial və inqilabi zaman müstəvisində götürürdü. Bu əsərlərdə sosial tərəqqi ilə şəxsiyyətin uyuşan və ziddiyyət kəsb edən tərəfləri cəsarətlə ümumiləşdirilir. Mir Cəlal romanları ilə ədəbiyyatımıza 1930-1960-cı illər gerçəkliyinin səciyyəvi cəhətlərini, tipik xarakterlərini, şəxsiyyət və mühit probleminin mənəvi-psixoloji tərəflərinin bədii təsvirini gətirdi.
Professor ədəbi-nəzəri fikir tariximizdə xüsusi yeri olan nəzəriyyəçi, ədəbiyyat tarixçisi və pedaqoqdur. Klassik ədəbi irsin tədqiqində Mir Cəlalın poetikaya xüsusi yer verməsi, daha doğrusu, tədqiqatlarının başlıca istiqamətini bu sahəyə yönəltməsi onun araşdırmalarının yaşarılığını ehtiva etməklə ədəbi-nəzəri fikrin sosioloji təhlil üsullarından uzaqlaşmasında böyük tarixi bir missiyanı yerinə yetirmişdir. Nəzərə alsaq ki, 1930-1950-ci illərdə ədəbiyyatşünaslıq və tənqiddə vulqar sosioloji təhlil üsulu baş alıb gedir, sənətin bədii dəyəri arxa xəttə keçir, bədii sözün dəyəri müasir siyasi meyarlar müstəvisində qiymətləndirilirdi, onda 1930-cu illərdə yazılmış “Füzulinin sənətkarlığı” əsərinin böyük tarixi mənası bir daha aşkarlanar.
Mir Cəlal Paşayevin bu monoqrafiyası ədəbiyyatşünaslığımızda ilk əsər idi ki, poetik kateqoriyaların təkamül prosesi sistemli, müqayisəli təhlil üsulu ilə öyrənilirdi. Füzulinin bəşəri bədii təfəkkürünün inkişafında müstəsna rolu milli, regional poetik dəyərlərin müstəvisində üzə çıxarılırdı. Xaqani, Nizami, Nəsimi, Xətai və Həbibinin sənətkarlıq ənənələri fonunda müqayisəli təhlillər şairin poetikasındakı heyrətamiz yeniliyi göstərməyə imkan verir.
“Bədii dil haqqında”, “Nəsrimizin baniləri”, “Klassik nəsrimiz haqqında”, “Nizaminin müsbət surətləri haqqında” məqalələrində “Füzulinin poetik xüsusiyyətləri” monoqrafiyasındakı təhlil üsulu ədəbi irsimizin bir çox şəxsiyyət və abidələrinə müncər edilir. Bu gün milli ədəbi fikrin estetik məzmununu, onun tarixi təkamülünü üzə çıxarmaqda tarixi poetika səpkisində araşdırmaların perspektivi sanballı tədqiqatlarda öz təsdiqini tapmaqdadır. Mir Cəlal müəllimin adıçəkilən əsərlərində ədəbi fikrin daxili inkişaf qanunauyğunluğunun tədqiqi ayrıca bir səciyyə daşıyır. O, bədii dili estetik tutumlu hadisə hesab edir, bədii nəsrin tarixini üslubların tarixi kimi izləyir və əsasən realist üslubun bədii imkanlarını üstün hesab edir.
M.Cəlalın poetika sahəsində araşdırmaları, sözsüz ki, Füzuli irsi üzərində qurulmuşdur. 50-ci illərdə Füzuliyə dair tədqiqatlarını davam etdirərək onları “Füzuli sənətkarlığı” adı altında nəşr etdirdi. 30-40-cı illərdə klassik romantik irsin təftişi və inkarı mühitində Füzuli şerinin sənətkarlığının tədqiqi yanlış təsəvvürlərə ən tutarlı cavab idi. “Füzuli nəsrində şer təsirini bir də detalların təsvirində görürük. Burada nəsr sənətinə xas olan təfsilatçılıq, köməkçi faktlar və materialların ümumi, əsas ahəng ilə uyuşdurulması vardır”.
“Füzuli sənətkarlığı”nın nəzəri-metodoloji tutumunun yaşarılığı milli, regional və ümumdünya ədəbiyyatı poetikasını yaratmaq ideyasının ortaya gəldiyi bir vaxtda bir daha dövriyyəyə gəldi. Mir Cəlal müəllim farsca bilən, qədim Şərq ədəbi kanonlarına bələd olan, fərdi, regional və milli üslubların təkamülünü bədii materialda müşahidə edən, eyni zamanda, ədəbiyyatın daxili gözəlliyini dərindən duyan sənət bilicisi idi. O, qafiyə, epitet, təşbeh, lirika, üslub kimi poetik kateqoriyaların bədii fikir tarixində hərəkətini, gəzişmələrini böyük ustalıqla, tarixilik prinsipi ilə izah edirdi. Onun Füzuli poeziyasının konkret detallarının təhlilindən doğan fəlsəfi-estetik məzmunlu ümumiləşdirmələri sənət haqqında əbədiyaşar aforizmlərə çevrilmişdir. “Füzuli ədəbiyyat tariximizdə qəlb aləminə vaqif olan və bu aləmin həyatını hərtərəfli, xüsusi bacarıqla, gözəl və şirin bir formada ifadə edən dahi şairdir”. “Füzuli ədəbi məktəbi, özünün məna, məzmun zənginliyi, bədii yüksəkliyi ilə insan hiss və fikirlərinin bədii ensiklopediyasını təşkil edir”.
Əsərin hər bölməsi füzulişünaslıqda yeni bir istiqamətin əsasını qoydu. Azadə Rüstəmova, Vəcihə Feyzullayeva, Sabir Əliyev, Tofiq Hacıyev və Ayaz Vəfalının Füzulinin ədəbi-nəzəri görüşlərinə, Füzuli şerinin folklor qaynaqlarına, Füzulinin poetik dil sənətkarlığına həsr edilmiş sanballı tədqiqat işləri M.Cəlal ədəbiyyatşünaslıq məktəbinin dəyərli davamıdır.
Bu gün Füzuliyə sufi deyib ifrata varanlara Mir Cəlal müəllimi yenidən oxumağı məsləhət bilərdik. İctimai fikirdə baş verən hər ovqatla klassik irsə yanaşmaq olmaz. Füzuli nə sufidir, nə ateistdir. Füzuli orta əsrlər şərqində mövcud olan romantik ədəbiyyatın böyük humanist nümayəndəsidir.
M.Cəlal Füzuli eşqinin romantik məzmununu və onun bədii ifadə fərdiliyini sadə, heç kimə bənzəməyən bir məntiqlə izah edir: “Bu eşqi ifadə üçün şairin istifadə etdiyi surətlər, bədii vasitələr tamam real, maddi həyat hadisələridir. Təbiət, tarix, insan qəlbi, insanın mənəvi həyatı, şairin lirikasını ifadə üçün əsas vasitə və mənbədir. Füzulinin məftun olduğu gözəl həqiqi, real, canlı insandır. Şairin məhəbbəti, məftunluğu da canlı bir insanın vurğunluğudur. Lakin şairin hiss və həyəcanları o qədər dərin və incədir ki, onun qəlbə vaqifliyi o qədər heyrətləndiricidir ki, insan oxuduqda başqa və yüksək bir aləmə çıxdığını güman edir. Füzuli eşqini real zəmindən ayıraraq sırf “ilahi” adlandıranları çaşdıran, yanıldan da bu cəhətdir”.
Müəllif fikrini poetik formanın detallarındakı real həyati məzmunla izah edir. Füzuli sənətinin bədii məntiq, şer mədəniyyəti, peyzaj, lirika kimi kateqoriyaların fonunda təhlili tədqiqatçının geniş erudisiyaya malik olduğunu təsdiq edir.
Nizami poeziyasının milli müəyyənliyini tədqiq etməyə cəhd göstərən bəzi tədqiqatçıların sənətin bədii təkamül mahiyyətinə varmadan formal amillərə əsasən rəy demələri yaşarlı olmur. Bu baxımdan Mir Cəlal müəllimin “Nizami və Füzuli” əsərində bu gün öyrənməli və əsaslanmalı cəhətlər çoxdur. Ədəbi inkişafın mahiyyətini, poeziyanın məzmun və estetik tutumunun təkamülünü mətnin ən dərin qatlarında gizlənmiş bədii sirləri zəminində öyrənən, ədəbiyyatşünaslıq, nəzəri təhlil səpgisində yazılmış nadir əsərlərdən biri Mir Cəlalın “Nizami və Füzuli”sidir. Mir Cəlal müəllimin mətnlə işləmək məharəti, klassik poeziyanın ən incə mətləblərini duymaq istedadı bu əsərdə heyrətamiz şəkildə üzə çıxır. Nizami sənətinin milli tutumunu, Azərbaycan poeziyasında, tarixi ədəbi prosesində onun iştirakını belə əyani göstərən tədqiqatlar barmaqla sayılır. Nizami ənənələri Füzuli poeziyasında forma – məsnəvi, bəhr, bədii məntiq, bədii paralelizm, didaktika, bədii dil müstəvisində təhlil edilir.
XX əsr Azərbaycan ədəbi-nəzəri fikrində Mir Cəlalın digər böyük xidməti Azərbaycan ədəbiyyatşünaslığında yaradıcılıq metodu və onun tipologiyası probleminin ilk nəzəri əsaslarını yaratmasıdır. Yaradıcılıq problemi dünya ədəbi fikrində incə və mürəkkəb problemdir, xüsusən romantizm, həm də estetik düşüncənin həssaslığının, onun ədəbi prosesin müxtəlifliyini və təkrarsızlığını duymaq göstəricisidir. Nəzəri fikir tariximizdə bədii metod konsepsiyasının təşəkkülü baxımından ötən əsrin 40-cı illərə qədərki məqalələrin, nəzəri müşahidələrin müstəsna əhəmiyyətini göstərməklə yanaşı, onu da etiraf etmək lazımdır ki, onlarda realizm və romantizm bir metod, cərəyan kimi özünün əsaslı nəzəri-metodoloji prinsipə əsaslanan konseptual qoyuluşunu və həllini tapa bilmir.
Mir Cəlal müəllimin “Azərbaycanda ədəbi məktəblər (1905-1917)” monoqrafiyasında XX əsr realizm və romantizmi ilk dəfə ayrıca tarixi-estetik kateqoriya, ədəbi məktəb şəklində dəyərləndirilir. Ədəbiyyatşünaslığımızda romantizm haqqında əvvəlki mülahizələrdən fərqli olaraq, bu əsərdə realizmlə yanaşı, romantizm müstəqil yaradıcılıq üsulu kimi götürülür, milli ədəbiyyatşünaslıqda yaradıcılıq metodlarının bütöv, sistemli nəzəri şərhi üçün metodoloji əsas hazırlayır. XX əsr realistlərinin və romantiklərinin əsas nümayəndələrinin yaradıcılığının orijinal təhlili ilə yanaşı, onun daxili tipologiyası, rus, türk, Avropa sənəti ilə əlaqələri, həmçinin təhlil olunan faktları müəyyən bir cərəyan kimi birləşdirən, bir sıra estetik prinsiplərin ilk şərhinə burada təsadüf olunur. Bu əsərin yazıldığı vaxtdan 60-cı illərə qədər romantik ədəbiyyata həsr olunmuş əsərlər özünün milli ədəbiyyatşünaslıqda nəzəri-metodoloji əsasını burada tapır.
Görkəmli alimin ədəbi-nəzəri fikir tariximizdə digər böyük xidməti onun ədəbiyyat tarixçiliyi, klassik irsi dövrləşdirmədə orijinal prinsipləridir. Qədim və orta əsrlər ədəbiyyatının bir kurs və fənn kimi sistemləşdirilməsi Həmid Araslıya, yeni dövr – XIX əsr ədəbiyyatı Feyzulla Qasımzadəyə məxsusdursa, XX əsrin əvvəlləri tarixi mərhələsinin yaradılması Mir Cəlal müəllimin adı ilə bağlıdır.
Azərbaycan ədəbi-nəzəri fikrində ədəbiyyatşünaslığın əsasları və ədəbiyyat nəzəriyyəsi fənləri üzrə ən mötəbər dərslik kimi M.Cəlal müəllimin adı ilə bağlı tədqiqatlar və “Ədəbiyyatşünaslığın əsasları” öz missiyasını bu gün də yerinə yetirir. Çünki alimin ədəbiyyat nəzəriyyəsi ilə bağlı qənaətləri qədimdən mövcud olan nəzəri təlimlərin icmalı deyil və yazıldığı dövrün siyasi kontekstindən də mümkün olan qədər uzaqdır. Digər tərəfdən, Mir Cəlal müəllimin mövcud nəzəri kateqoriyaların şərhində istinad etdiyi əsas elmi qənaətlər Şərq, o cümlədən Azərbaycan ədəbiyyatının zəngin tarixi təcrübəsinə əsaslanır.
Professorun sənət, sənətkar haqqında qənaətləri, yekun fikri elmi aforizmlərə çevrilmişdir. Bu mühakimələrin, müdrik tutumu olan bu mülahizələrin arxasında uzun illərin müşahidələri, seçimləri dayanır. “Füzuli hər şeydən əvvəl qəlb şairidir”, “Sənətdə bədii ümumiləşdirmə ən böyük hünər, həm də ən mühüm şərtdir”, “Yaxşı ifadə olunmuş fikir, qızıl külçədən istehsal olunan kimi, təmizlənməklə alınır”, “Yazıçının oxucudan fərqi bir də onda olmalıdır ki, o hadisələrin bir tərəfini, yalnız zahirini yox, həm də xüsusi daxilini, mahiyyətini, çoxlarının görə bilmədiyini görsün. Görməklə qalmasın, bədii lövhədə göstərsin. Bununla qalmasın, mənalandırsın, fikirləri, hissləri təşkil üçün müəyyən məqsədə istiqamətləndirsin”, “Bəziləri nadir süjeti, bəziləri isə adi hadisəni, daha bir başqası maraqlı şəxsiyyəti hekayənin mərkəz obyekti alır. Nəyi alırsan al, sözü deməyi və mətləbi mənalandırmağı, sənətkarlığı mühüm şərt al”, “Səməd Vurğun bir çoxları kimi kağız korlamamışdır”, “Sabirdən sonra Səməd Vurğun qədər ürəkləri fəth edən ikinci bir şair görmək çətindir”, “Vurğun mütəfəkkir şairdir. O, yalnız qəlbin müğənnisi deyil, həm də böyük fikirlərin, idealların carçısıdır”, “Səməd Vurğun hər bir ailəyə atadan, anadan əziz bir sima kimi sevilən xoşbəxt sənətkardır”.
Bu deyimlərin hər biri ədəbi inkişafımız, onun nümayəndələri haqqında dərin ümumiləşdirmələrdən xəbər verən, ədəbi-estetik kriteriyaya çevrilən nəzəri yekundur. S.Vurğun haqqında aforizmə çevrilmiş deyimləri tarixin sınağından çıxmış böyük ürək sahibinin, ədəbiyyat səlahiyyətlisinin vətəndaşlıq yanğısından xəbər verir və bu dahi şairimizin əleyhdarı olan, ədəbiyyatın həndəvərində dolanan qeyri-professionallara, tərəddüdçülərə ən yaxşı cavabdır. 20-30-cu illər ədəbi prosesini, xüsusən poeziyanın problemlərinin, onun qadağan olunmuş şəxsiyyətlərinin ədəbi irsinin təhlili göstərir ki, Mir Cəlal müəllimin böyük müdrikliklə əsaslandığı bu fikir dərin elmi zəminə söykənir və heç zaman da dəyişməyəcək: “Azərbaycanı şerə gətirən Səməd Vurğun oldu” mülahizəsi böyük bir tədqiqatın yekunudur. Təkcə “Azərbaycan” şerinin xalqın milli şüurunun, azərbaycançılığın formalaşmasında xidmətini dərk etməyənlər bilsinlər ki, Səməd Vurğun elə nadir şəxsiyyətlərdəndir ki, qazandığı böyük xalq məhəbbəti və dünya şöhrəti onsuz yaşadığımız yarım əsrin heç bir dönəmində azalmamışdır. Səməd Vurğunun milli-ideoloji baxımdan ən böyük xidməti 30-cu illər kimi mürəkkəb, taleyüklü bir zaman kəsiyində azərbaycançılığı poetik bir məkan tutumundan milli ictimai, ədəbi-bədii şüura çevirməsidir.
Mir Cəlal müəllimin ədəbi-tənqidi görüşlərindən danışarkən “Füzuli sənətkarlığı” səviyyəsində yazılmış “Yeni şerin manifesti” tədqiqatını ayrıca dəyərləndirmək gərəkdir. Bu əsər S.Vurğun poeziyası haqqında ədəbi-fəlsəfi məhəbbət dastanıdır. Əsil poeziyaya, sənətə yüksək peşəkarlıq səviyyəsində verilmiş qiymətdir. Bu əsər janr etibarilə ən çox bədii-fəlsəfi esseyə bənzəyir. “Komsomol poeması”nda bədii həqiqətin ictimai-sosial konteksti, ədəbi qəhrəmanların təbiiliyini, həyatiliyini ehtiva edən bədii ümumiləşdirmə qüdrəti, poemanın bir janr kimi poetikası Mir Cəlal tərəfindən bənzərsiz elmi təhkiyə və intonasiya ilə incələnir. Bu əsər vurğunşünaslıqda öz müasir əhəmiyyətini saxlayan və tarixi missiyasını böyük ləyaqətlə yerinə yetirmiş nadir ədəbi tənqid nümunəsidir.
Ədəbiyyatşünas alimin hər bir klassik haqqında dediyi elmi aforizmin müasir mənası haqqında tədqiqatlar yazmaq olar və yazılacaq da. Mir Cəlal müəllim Azərbaycanda ədəbiyyat adamlarının bir neçə nəslinin müəllimi olmuşdur. Filologiya fakültəsində təhsil almış hər bir tələbə öz ailəsinə, işlədiyi kollektivə, dərs dediyi sinif otağına Mir Cəlal müəllimin sadəlik, paklıq işığından pay aparmışlar. Bu sətirlərin müəllifi və ədəbiyyatımızın təbliği, tədrisi ilə məşğul olan Mir Cəlal müəllimin onlarca tələbəsi onun parlaq xatirəsini əziz tuturlar.
“Ədəbiyyatşünaslığın əsasları” fənnindən bizə mühazirə oxuyur və bizim qrupda seminar məşğələləri özü aparırdı. Yazdığımız kurs işlərinin müzakirələri zamanı mənim fəallığım onun diqqətini cəlb etdi və oxuduğum beş ildə həmişə onun diqqətində oldum.
Mir Cəlal müəllim heç kimin könlünə dəyməzdi. Tələbə yoldaşımız Həlimə Rzaquluzadə onun “Qəbul imtahanı” hekayəsi haqqında kurs işi yazmışdı. Xasiyyətcə çılğın bir qız kimi tanıdığımız Həlimə bu hekayənin formal tərəflərindən yapışıb yazıçını özlüyündə kəskin tənqid edir və bundan zövq alırmış kimi tez-tez intonasiyasını dəyişirdi. Mir Cəlal müəllimin çöhrəsindəki təbəssüm dəyişmədi, əksinə tələbəsinin yersiz cəsarətinə müdaxilə etmədən onu axıra qədər dinlədi, sözünü bir dəfə də olsun kəsmədi. Üzünü auditoriyaya tutub dedi: – Ə, Şirindil, gəl fikrini de!
Bu kurs işlərinin müzakirələrində Mir Cəlal müəllim sanki məni daimi opponent təyin etmişdi. Müəllimimin mənə olan rəğbətini hamı bilirdi. Necə danışacağımı gözləyirdilər. Bədii ədəbiyyatın mahiyyəti haqqında Mir Cəlal müəllimdən eşitdiklərim əsasında giriş sözümü qurtarıb dedim ki, Mir Cəlal müəllim, Həlimə ədəbiyyatın mahiyyətini bilmir, nə dəxli var ki, Maştağadan şəhərə neçə dəqiqəyə gəlirsən, hekayədə əsas yazıçının fikridir.
Mir Cəlal müəllim qolumdan tutub çox təmkinlə dedi: – Ə, Mehdi Hüseyn də belə deyirdi!
Mən də çox məmnun halda və bu məqamda müəllimimin etimadını doğrultmuş bir tələbə ədası ilə gəlib Həlimənin yanında oturdum.
Birinci kursda “Əliağa Kürçaylının son şerləri” mövzusunda yazdığım kurs işini müzakirə edirdik. “Orta nəslin poeziyasının görkəmli nümayəndəsi” ifadəsini eşidən Mir Cəlal müəllim məni saxlayıb soruşdu:
– Orta nəsil deyəndə kimləri və nəyi nəzərdə tutursan?
20-30-cu illər şerindən adda-budda dediyim sözləri dinləyib məni saxladı və təmkinlə, sadə, anlaşıqlı şəkildə XX əsr (sovet dövrü) şerinin yaşlı, orta və 60-cı illər nəslinin nümayəndələri, bu nəsilləri bir-birindən ayıran və bir-birinə bağlayan ideya-bədii keyfiyyətlər haqqında şərh verdi və XX əsr şerinin ideya-bədii təkamülü haqqında aydın təsəvvür yaratdı. Bir neçə il öncə “Orta nəsil şerinin poetikası” mövzusuna etiraz edənlərə Mir Cəlal müəllimin arqumentləri ilə cavab verdim və opponentlərim 38 il öncə inandığım kimi, onlar da razılaşmalı oldular. Mir Cəlal müəllimin bu konsepsiyası ona görə yaşayır ki, o professional ədəbiyyatçı müşahidələrinə əsaslanırdı.
Mir Cəlal müəllim öz kafedrası xətti ilə bizim qrupun bütün imtahanlarına gəlir və məndən imtahanı özü götürürdü. Hələ cavab verməmişdən fənn müəlliminə deyirdi: - Ə, bu əlaçıdır! Sonra isə deyirdi ki, “danış, öz ləyaqətini də qoru, mənimkini də”.
II kursda qış sessiyası qədim və orta əsrlər fənni üzrə imtahandan çıxıb dəhlizdə dayanmışdım. Mir Cəlal müəllim məni yanına çağırdı, üzündəki təbəssümü ciddi, narahatlıq dolu bir ifadə əvəz etdi.
– Ə, Hüseyn necədir?
Mir Cəlal müəllimin səsindəki doğmalıq, məhrəmlik, nigarançılıq çaları əbədi yaddaşıma köçdü. Qardaşım, şair Hüseyn Kürdoğlu həkimlərin səhvi nəticəsində infarkt diaqnozu ilə xəstəxanada yatırdı və Mir Cəlal müəllimin bu diqqəti kövrəlmiş bir ailə üçün qiymətsiz mənəvi dayaq idi.
Xəstəxanaya gəlib Mir Cəlal müəllimin salamlarını Hüseynə çatdırdım. Bir az kövrəldi və dedi ki, mənim ədəbi taleyimdə Mir Cəlal müəllimin həlledici rolu olub. 1958-ci ildə universiteti bitirərkən Mir Cəlal müəllim Nizami adına Ədəbiyyat Muzeyindən məktub alıb mənə azad təyinat verdirdi.
Hüseyn öz ustadına çox duyğulu bir şer yazıb və “Ziyalımız –ziyamız” kitabında çap etdirmişdir:
Ustad xatirəsi
Dağ çapanlar çox olub, qalmayıb ancaq nişanı,
Onların təkcə biri eşq ilə Fərhad olmuş.
Qələmi tişəyə döndərdi Məhəmməd babamız,
Bəxtiyarıq ki, Füzuli bizə əcdad olmuş.
Hər kim açmışsa Füzuli sözünün tilsimini,
Övladından daha artıq ona övlad olmuş.
O qələm sərrafı ki, içdi Füzuli qəmini,
Göydən enmiş vətənə, ruhu bu gün şad olmuş.
Adını qəlbimizə yazmadıq hər dərs deyənin,
Neçə adlar yadımızdan çıxaraq yad olmuş.
Hər müəllim ululuq zirvəsinə yüksəlmir,
Vətənin Mir Cəlalı bizlərə ustad olmuş.
Yenə yad eyləmiş öz mürşüdünü Kürdoğlu,
Ustadın xatirəsi şerinə bir dad olmuş.
Bu gün Mir Cəlal müəllimin ədəbi-nəzəri irsi nurlu bir şəxsiyyətin bizə yadigar qoyduğu mötəbər mənbədir. İllər ötdükcə Mir Cəlal Paşayevin təkcə elmi irsi tədqiq edilmir, onun həm də xeyirxahlığı, böyük və əlçatmaz müəllimliyi, bəşəriliyi heyranlıqla qarşılanır və sevilə-sevilə qəlblərdə özünə ucalıq abidəsi qurur. Ədibin bu zirvədəki yeri daim qalacaq və onun mərhəmət sevgisi dünya durduqca yaşayacaq.