DİM: Bakalavr üzrə tələbə qəbulu qaydaları “The International Baccalaureate” təşkilatının saytında yerləşdirilib
Dövlət İmtahan Mərkəzi (DİM) “The International Baccalaureate” təşkilatı ilə 2019-cu ildən əməkdaşlıq edir və qurumun universitetlər üçün təsis etdiyi platformada nəticələrin qəbuluna dair Mərkəzin hesabı yaradılıb.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Nazirlər Kabinetinin 2019-cu il 20 may tarixli 228 nömrəli Qərarına uyğun olaraq, beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (əsasən IB diplomu əsasında) üzrə təhsil almış abituriyentlərin ali təhsil müəssisələrinə müsabiqədən kənar qəbul olunmasına dair yenilənmiş məlumat Mərkəzin rəsmi internet səhifəsində yerləşdirilib. IB-nin rəsmi internet səhifəsində olan məlumatı oxumaq üçün verilmiş linkə daxil olub, Azərbaycanı seçmək lazımdır.
Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme) vasitəsilə ali təhsil müəssisələrinə qəbulla bağlı Azərbaycanın təcrübəsi Beynəlxalq Bakalavriat Təşkilatının rəsmi internet səhifəsində digər ölkələr arasında yer alıb. IB diplomu əsasında yerli ali təhsil müəssisələrinə qəbul post-sovet məkanında Azərbaycanla yanaşı Estoniya, Gürcüstan, Latviya, Litva, Moldova, Qazaxıstan və Rusiyada tətbiq olunur.
Qeyd edək ki, IB tənqidi və müstəqil düşünməyi öyrətməyə, habelə məntiqli sual vermə bacarığını inkişaf etdirməyə yönəlmiş dörd proqramdan ibarət olan 3-19 yaş arası şəxslər üçün tədris təklif edir.
Bu proqram hər gün dünyanın 150-dən çox ölkəsini 5000-dən çox məktəbində IB tədris proqramlarını hazırlayan və təbliğ edən IB müəllimləri və koordinatorları tərəfindən həyata keçirilir.