“Naxçıvan” Universiteti İstanbul Universiteti ilə əməkdaşlığı genişləndirir

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu məqsədlə “Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru Hüseyn Bağırsoylu İstanbul Universitetində olub, ali təhsil ocağının bir sıra rəhbər şəxsləri ilə görüşüb.

Görüşlər zamanı hər iki universitetin İqtisadiyyat fakültəsi arasında əməkdaşlığın genişləndirilməsi əsas diqqətdə saxlanılıb.  İstanbul Universitetinin İqtisad fakültəsinin dekanı, professor  Sayım Yorğun ilə  İqtisadiyyat ixtisası üzrə ali təhsil ocaqlarında olan müəllimlərin qarşılıqlı mübadiləsi ilə  bağlı protokollar imzalanıb, universitetlər arasında ikili diplomun təşkili, “Naxçıvan” Universitetində yeni yaradılmış “Kompüter mühəndisliyi” ixtisasının günün tələblərinə uyğunlaşdırılması məqsədi ilə bağlı təcrübə mübadiləsi, İqtisadiyyat ixtisasının ingilis dilində akreditə edilmiş tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb. Bundan başqa hər iki ali təhsil ocağı arasında 2020-2021-ci tədris ilində 7 ixtisas üzrə tələbə təcrübə mübadiləsinin aparılması ilə bağlı razılıq əldə olunub.

Görüşdə ötən tədris ilində müəllim mübadilə proqramı ilə  “Naxçıvan” Universitetində olan İstanbul Universitetinin müəllimi, professor Haluk Tanrıverdi də iştirak edib. Professor “Naxçıvan” Universitetində və ümumilikdə Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən diqqətdən danışıb. Bildirib ki, İstanbul Universiteti ilə tədris üçün bütün müasir şəraitin yaradıldığı “Naxçıvan” Universiteti arasında əməkdaşlıq bundan sonra daha çox inkişaf etdirilməlidir.

Qeyd edək ki, “Naxçıvan” Universiteti  dünyanın 51 ali təhsil müəssisəsi ilə əməkdaşlıq edir.

                                                                     Seyfur Hacımuradov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: