Los-Ancelesdə ermənilərin azərbaycanlılara qarşı törətdiyi fiziki zorakılığa dair hesabatın təqdimatı keçiriləcək
Avqustun 21-də Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin, “MG Consulting” şirkətinin və “Şəffaflıq Azərbaycan” təşkilatının təşəbbüsü ilə yaradılmış beynəlxalq işçi qrupun bu il iyulun 21-də ABŞ-ın Los-Anceles şəhərində dinc aksiya keçirən azərbaycanlıların erməni diasporunun nümayəndələri tərəfindən ağır fiziki zorakılıq və qeyri-insani nifrət hissi ilə üzləşməsinə dair hesabatının onlayn təqdimatı (mətbuat konfransı) keçiriləcək.
Bu işçi qrupunda beş ölkədən (Azərbaycan, ABŞ, Türkiyə, Rusiya və Ukrayna) 10 nəfər tanınmış hüquqşünas-alim iştirak edib.
BDU-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, bu hesabatın məqsədi iyulun 21-də ABŞ-ın Kaliforniya ştatının Los-Anceles şəhərində yaşayan çoxsaylı ermənilərin daha az sayda yaşayan azərbaycanlılara ağır zorakı hücumunu araşdıraraq təhlil etmək və ABŞ-ın müvafiq hüquq-mühafizə və digər rəsmi orqanlarına, eləcə də insan hüquqları sahəsində çalışan yerli və beynəlxalq təşkilatlara ingilis dilində ətraflı məlumat təqdim etməkdir.
Mətbuat konfransı saat 12.00-da “Zoom” proqramı vasitəsilə təşkil ediləcək. Tədbirdə iştirak etmək istəyən media nümayəndələrindən və insan hüquqları müdafiəçilərindən elektron ünvanlarını [email protected] göndərmələri xahiş olunur.
Əlavə məlumat üçün müraciət etmək olar: 055 331 1313 (Məhəmməd Quluzadə).