AMEA Naxçıvan Bölməsində istehsal olunan məhsulların sayı artır - FOTOLAR
AMEA-nın Naxçıvan Bölməsində elmi istehsalatın hazırlığının vəziyyəti ilə bağlı iclas keçirilib.
Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyev bu elmi qurumun tərkibindəki elmi-tədqiqat müəssisələrində aparılan tədqiqatlardan, əldə edilən nəticələrdən danışıb. Alim son illər Bölmənin Təbii Ehtiyatlar və Bioresurslar institutlarının laboratoriyalarında tətbiqyönümlü tədqiqatlar aparıldığını deyib. O, qeyd edib ki, Təbii Ehtiyatlar İnstitutunda Darıdağ arsenli suyundan quru qalığın alınması üçün istehsal şəraiti yaradılıb, eyni zamanda Biləv zəy süxurundan üç birləşmənin alınması istiqamətində geniş tədqiqatlar aparılıb. Müalicəvi “Şorsu” palçığı həm krem, həm də quru toz formasında qablaşdırılaraq əczaxanalara satışa göndərilib, o cümlədən Qabıllı və Duzdağdan gətirilən gil nümunələrinin tərkibi müəyyən edilib, gil yuyucu materiallı həm toz, həm də pasta formasında istehsalına başlanılıb.
İsmayıl Hacıyev Bölmənin Bioresurslar İnstitutunda steril şəraitdə qurudulan dərman bitkilərindən hələlik 16 adda ürək və qan-damar sistemi, mədə-bağırsaq, qaraciyər, duzlaşma, şəkər və digər xəstəliklərin müalicəsində istifadə edilməsi üçün xüsusi təcrübələrlə yoxlanılmış reseptlər əsasında dərman bitkisi qarışığı hazırlandığını söyləyib. Dərman bitkisi qarışığının Naxçıvan şəhərində fəaliyyət göstərən “Yaşıl Aptek”də və regionun müxtəlif əczaxanalarında satışa çıxarıldığını diqqətə çatdırıb.
Vurğulanıb ki, institutun Biokimyəvi tədqiqatlar laboratoriyasında artıq gülab istehsal edilir. Laboratoriyada, həmçinin dağnanəsi, kəklikotu, üzərlik, yovşan, razyana, dazı və digər 14 bitki toxumundan yağlar, gülxətmi, sumaq, boymadərən, çölnanəsi və başqa 18 adda bitki ekstraktı, bundan başqa, müxtəlif çeşidli mürəbbə, doşab və kompotlar, həmçinin dezinfeksiya, müalicəvi dərman məqsədiilə istifadə edilən suyun da alınmasına başlanılıb ki, yaxın gələcəkdə onların istehsalatının genişləndirilməsi və satışa verilməsi nəzərdə tutulur.
Sonra Biоkimyəvi tədqiqatlar labоratоriyasının elmi işçisi Aydın Qəmbərov iştirakçılara bitkilərdən dərmanların, müxtəlif yağların alınma mərhələsi, onların qablaşdırılması barədə ətraflı məlumat verib.
Tədbirə yekun vuran İsmayıl Hacıyev Naxçıvanın təbii sərvətlərinin öyrənilməsi üçün əlverişli şərait yaradan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlığını bildirib.