Görkəmli ədəbiyyatşünas alim

Bu gün akademik Bəkir Nəbiyevin doğum günüdür.

A- A A+

Azərbaycan ədəbiyyatşünaslıq elminin böyük tarixi ənənələri və görkəmli yaradıcıları olmuşdur. Sistemli ədəbiyyat tarixi məktəbinin banisi və fədakar ədəbiyyat tənqidçisi Firidun bəy Köçərli ilə başlanan bu elmi istiqamətdə XX əsr ərzində Həmid Araslı, Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Feyzulla Qasımzadə, Kamal Talıbzadə, Abbas Zamanov, Mir Cəlal Paşayev, Əziz Şərif, Yaşar Qarayev, Əziz Mirəhmədov, Məmmədhüseyn Təhmasib və başqaları kimi adlı-sanlı alimlər yaşayıb-yaratmış, mühüm xidmətlər göstərmişlər. XX əsrin ikinci yarısı və XXI əsrin əvvəlləri Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına akademik Bəkir Nəbiyev (1930-2012) özünün çoxcəhətli fəaliyyəti ilə sanballı elmi töhfələr vermiş, böyük ədəbiyyatşünaslıq ənənələrini uğurla davam etdirmişdir.

Görkəmli elm xadimi, akademik Bəkir Nəbiyevin genişmiqyaslı elmi fəaliyyəti Azərbaycanın ədəbiyyatşünaslıq elmi-mədəni və ictimai həyatında əlamətdar hadisə olmuşdur.

Repressiya cəzasına məruz qalmış bir ailə mühitində çətin və məsuliyyətli bir yol keçmiş Bəkir Nəbiyev bütün həyatı boyu özünü zəhmətə qatlaşmaqda, yorulmadan çalışaraq ədəbiyyatşünaslıq elmini inkişaf etdirməkdə və yeni elmi nəsillərin hazırlanmasına xidmət etməkdə tapmışdır. O, 1949-1954-cü illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində böyük ədəbiyyatşünas alimlərdən dərs almış və müəllimlərinin nümunəsində əsl elm xadimi və şəxsiyyət kimi özünü isbat etmək üçün elm yolunun bütün pillələrini addım-addım keçərək əsl elm adamı kimi formalaşmışdır. O, hələ tələbəlik illərində dövri mətbuatda çap olunan məqalələri ilə elmi ictimaiyyətin diqqətini cəlb etmiş, istedadlı bir ədəbiyyatşünas olacağını nəzərə çarpdırmışdır.

Elmi fəaliyyətə ədəbiyyat tarixçisi kimi başlamış Bəkir Nəbiyev 1960-cı ildə ədəbiyyatşünaslıq elminin əsaslarını yaratmış "Firidun bəy Köçərlinin həyatı və yaradıcılığı” mövzusunda namizədlik dissertasiyası müdafiə etmiş, filologiya elmləri namizədi elmi dərəcəsini qazanmışdır. Xüsusən onun Firidun bəy Köçərlinin arxivlərdən üzə çıxarıb tədqiqata cəlb etdiyi nadir tərcümeyi-hal sənədləri, məktubları, əlyazmaları və şəkillər elmi mühitdə böyük maraq doğurmuşdur. Bəkir Nəbiyev ilk dəfə olaraq Firidun bəy Köçərlinin birinci ədəbiyyat tariximiz hesab edilən "Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı çoxcildlik kitabını ətraflı şəkildə təhlil edərək bu sanballı işin obyektiv elmi qiymətini vermişdir. Eyni zamanda cavan tədqiqatçı Bəkir Nəbiyevin ustad ədəbiyyatşünas Firidun bəy Köçərlinin ədəbi tənqid sahəsindəki fəaliyyətini, ədəbi prosesə dair məqalələrini yüksək professional səviyyədə təhlil edib qiymətləndirməsi onun bu sahəyə olan xüsusi marağını da diqqətə çatdırmışdır. Firidun bəy Köçərli kimi çoxcəhətli fəaliyyətə malik olan qüdrətli bir ədəbiyyatşünas alimin simasında ədəbiyyat tarixçiliyi və ədəbi tənqid sahələrini araşdırıb təhlil etməklə Bəkir Nəbiyev sonralar bu elmi istiqamətlərin hər biri üzrə sanballı elmi əsərlər yaradıb elmi ictimaiyyətə təqdim etmişdir. Beləliklə, "Görkəmli tənqidçi və ədəbiyyatşünas Firidun bəy Köçərli” monoqrafiyası Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq elmi sahəsindəki istiqamətini müəyyən etmişdir. O, bütün ömrü boyu həm hər iki istiqamətdən hər birinə aid elmi əsərlər yazmış, həm də hansı mövzuda yazmasından asılı olmayaraq, təhlil və dəyərləndirmələrində həmişə ədəbiyyat tarixçiliyi ilə ədəbi tənqidin üzvi sintezinə xüsusi şəkildə əməl etmişdir. Buna görədir ki, Bəkir Nəbiyevin müxtəlif illərdə çap etdirdiyi ədəbi şəxsiyyətlərin portretlərini əks etdirən "Əhməd Cavad” (1993), "Almas İldırım” (1994), "İstiqlal şairi Xəlil Rza Ulutürk” (2001), "El ağsaqqalı, elm fədaisi İmamverdi Əbilov” (2007) kimi kitablarında ədəbiyyat tarixçiliyinə üstünlük verməklə yanaşı, həm də bu yaradıcı şəxsiyyətlərin əsərlərini ədəbi tənqidin süzgəcindən keçirməklə qiymət vermişdir. Bəkir Nəbiyevin ədəbiyyat tarixi istiqamətində yazdığı monoqrafik tədqiqatlarda və məqalələrdə tarixçilik ədəbi şəxsiyyətinə təkamül proseslərini göstərmək üçün güzgü, tənqidçilik isə yazıçı və şairlərin özünəməxsus obrazını canlandırmaq baxımından əsas meyar olmuşdur. Ədəbi şəxsiyyətə bu cür yanaşma akademik Bəkir Nəbiyevin ədəbiyyat tarixçiliyi tədqiqatlarını ədəbiyyatın tarixini öyrənməklə məşğul olan digər tədqiqatçıların elmi əsərlərindən fərqləndirmişdir. Bəkir Nəbiyevin haqqında ilk dəfə kitablar çap etdirdiyi görkəmli şair və yazıçılar barədəki araşdırmaları həmin sənətkarlara dair əsas elmi mənbələr kimi qəbul olunmuşdur.

Bununla belə akademik Bəkir Nəbiyevin elmi fəaliyyətində hələ elmlər namizədliyi dövründən başlayaraq tədricən ədəbiyyat tənqidçiliyi üstünlük təşkil etməyə başlamışdır. Bəkir Nəbiyev görkəmli bir tənqidçi kimi ədəbiyyat tarixçiliyi baxımından möhkəm təməllər üzərində yaranan böyük ədəbiyyatın problemlərini araşdırıb, müasirlik işığında qiymətləndirməyə daha çox diqqət yetirmişdir. "Böyük Vətən müharibəsi və Azərbaycan ədəbiyyatı” mövzusunda yazdığı doktorluq dissertasiyasında və eyniadlı monoqrafiyasında (1977) Bəkir Nəbiyev məlum tarixin yığcam mənzərəsini verməklə kifayətlənərək, daha çox bu böyük tarixi hadisənin doğurduğu ədəbiyyatın mahiyyətinin və əhəmiyyətinin şərh olunmasına çalışmışdır. Bu sanballı elmi-tədqiqat əsərində Böyük Vətən müharibəsi dövrünün və sonralar bu mövzuda yazılmış ədəbiyyatın ayrı-ayrı janrlar üzrə təhlili yüksək professional səviyyədə yerinə yetirilmişdir. Yarandığı dövrdən təxminən yarım əsr keçməsinə baxmayaraq, bu monoqrafiya indi də Böyük Vətən müharibəsi mövzusunda yazılmış ədəbiyyatın qiymətli, sanballı elmi salnaməsi kimi qəbul olunur. Ən əsası isə Bəkir Nəbiyevin müharibə mövzusuna həsr edilmiş Azərbaycan ədəbiyyatına dair tədqiqatlarında azərbaycançılıq ideyaları, vətənpərvərlik motivləri həmişə önə çəkilmiş və müasirlik mövqeyindən qiymətləndirilmişdir.

Bəkir Nəbiyev ədəbiyyat tənqidçisi ağırlıqlı ədəbiyyatşünas statusu qazanmışdır. Ədəbi tənqidin simasını müəyyən edən müasirlik və sənətkarlıq akademik Bəkir Nəbiyevin də tədqiqatlarının əsas qayəsinə, formalaşmış modelinə çevrilmişdir. Alimin ilk dəfə hələ 1966-cı ildə çap olunmuş "Müasirlik və sənətkarlıq uğrunda” adlı kitabı ilə başlanan bu yol ildən-ilə inkişaf edərək onun elmi fəaliyyətinin əsas ana xətti kimi özünü büruzə vermişdir. Müasirliyi sənətkarlıqla vəhdətdə araşdırıb qiymətləndirmək Azərbaycan ədəbiyyatının milli və bəşəri dəyərlər uğrunda apardığı mübarizənin, müasir insan və yeni həyat ideallarına həsr olunmuş ədəbiyyatın yüksək bədiilik səviyyəsində təqdim olunması yollarında dönməz elmi mövqe göstərmək demək idi. Akademik Bəkir Nəbiyevin ədəbiyyatşünaslıq sahəsindəki çoxillik fəaliyyətinin əsas qayəsi müasirlik və sənətkarlıq uğrunda mübarizədən ibarətdir. Görkəmli elm xadimi Bəkir Nəbiyevin "Ədəbi düşüncələr” (1971), "Təzə izlər sorağında” (1979), "Müasirlərimiz bədii ədəbiyyatda” (1983), "Söz ürəkdən gələndə” (1984), "Roman və müasir qəhrəman” (1987), "Xalq mənəviyyatının güzgüsü” (1999), "Hərənin öz yolu” (2008) və sair kitablarının baş mövzusunu müasirlik və sənətkarlıq təşkil edir. Uzun bir dövr ərzində ədəbiyyatda müasirlik və sənətkarlıq məsələlərini tədqiq etmək, ədəbiyyatı bu meyarlara doğru istiqamətləndirmək ədəbi tənqid statusunda, tənqidçi postunda möhkəm dayanmaq, elmin və ədəbiyyatın inkişafına dönmədən xidmət göstərmək deməkdir. Akademik Bəkir Nəbiyev bu elmi amala şərəflə və məsuliyyətlə xidmət etmişdir. Böyük ədəbiyyatşünas alimin zəngin elmi irsi tənqidçilik ağırlıqlı böyük ədəbiyyatşünaslığın mükəmməl elmi nümunəsidir.

Ədəbi tənqidə dair portretləri ilə yanaşı akademik Bəkir Nəbiyev icmal tənqidi sahəsində də ardıcıl fəaliyyət göstərmişdir. Onun Azərbaycan ədəbiyyatının müxtəlif mərhələləri, inkişaf dövrləri üzrə yaranan ədəbiyyata dair ədəbi icmalları həmin dövrün canlı ədəbi prosesini, mühüm elmi nəticələrini və çatışmazlıqlarını dolğun surətdə əks etdirmiş, ədəbiyyatımızı daha da inkişaf etdirmək üçün çıxış yollarını və proqnozları özündə cəmləşdirmişdir. Ədəbi icmallar həm də akademik Bəkir Nəbiyevin ölkəmizdə ədəbi prosesi nə qədər dərindən və incəliklərinə qədər izlədiyini, həmin proseslərin ayrı-ayrı janrlarındakı inkişaf dinamikasını obyektiv müəyyən etdiyini və elmi cəhətdən yüksək səviyyədə dəyərləndirdiyini diqqətə çatdırır. Ədəbi icmallar həm də akademik Bəkir Nəbiyevin fəal və ardıcıl mütaliə mədəniyyətini də təsəvvür etməyə imkan verir. Buna görədir ki, Bəkir Nəbiyevin ədəbi icmalları XX əsrin ikinci yarısı Azərbaycan ədəbiyyatı tarixinin fəsilləri təəssüratı yaradır.

Ədəbiyyatda müasirlik, yeni insan və müasir həyat mövzusunun tədqiqi öz növbəsində dövlətçilik ideyaları ilə üzvi surətdə bağlı olan məsələdir. Bəkir Nəbiyevin elmi fəaliyyətində davamlı yer tutan "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” mövzusu da ideyası etibarilə onun elmi fəaliyyətində xüsusi yer tutan müasirlik və azərbaycançılıq ideyalarının xüsusi bir təcəssümüdür. O, müxtəlif illərdə yazdığı elmi əsərlərində ədəbiyyatı, ədəbi prosesi görkəmli dövlət xadimi Heydər Əliyevin azərbaycançılıq ideallarının işığında təhlil edib dəyərləndirməyi müasirlik uğrunda mübarizənin ana xətti kimi təqdim etmişdir. Bununla belə Bəkir Nəbiyevin tədqiqatlarında Ulu Öndər Heydər Əliyev və Azərbaycan ədəbiyyatı mövzusunun əsas prinsipləri müəyyən edilmiş, elmi örnəkləri yaradılmışdır. Onun Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşları ilə birlikdə yazıb 1998-ci və 2009-cu illərdə iki dəfə nəşr edilmiş "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” adlı monoqrafik tədqiqatı ölkə HeydərƏliyevşünaslığının qiymətli nümunəsidir. Akademik Bəkir Nəbiyevin rəhbərliyi ilə hazırlanmış "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı” kitabının respublika Dövlət mükafatına layiq görülməsi bu elmi əsərə verilmiş yüksək qiymətin ifadəsidir. Yeri gəlmişkən qeyd edək ki, akademik Bəkir Nəbiyev ölkəmizdə ayrı-ayrı əsərlərinə görə iki dəfə Dövlət mükafatına layiq görülmüş bəlkə də tək elm xadimidir.

Akademik Bəkir Nəbiyev elmi fəaliyyətlə təşkilatçılıq işini bacarıqla əlaqələndirmişdir. O, elm sahəsində olduğu kimi, təşkilatçılıq işi sahəsində də səmərəli fəaliyyət göstərmişdir. Müxtəlif illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat, Dil və İncəsənət Bölməsinin akademik-katibi vəzifəsində (1987-2001) çalışan akademik Bəkir Nəbiyev Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyinə (1971-1987) və Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutuna (2003-2011) da bacarıqla rəhbərlik etmişdir. O, beynəlxalq elmi tədbirlərdə Azərbaycan elmini layiqincə və yüksək səviyyədə təmsil etmişdir. Eyni zamanda akademik Bəkir Nəbiyev Azərbaycan ədəbiyyatşünaslıq elminin bir neçə nəslinin elmi rəhbəri, elmi məsləhətçisi, rəsmi opponenti, çoxsaylı kitabların elmi redaktoru kimi də səmərəli fəaliyyət göstərmiş, bu mühüm sahələrin inkişafı yollarında var qüvvə ilə çalışmışdır. Uzun illər Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun ixtisaslaşmış Müdafiə Şurasına rəhbərlik etmiş akademik Bəkir Nəbiyev ölkəmizdə ədəbiyyatşünaslıq üzrə yeni nəsil elmlər doktorları və namizədlərinin formalaşdırılmasında yaxından iştirak etmişdir. O, çoxcildlik Azərbaycan ədəbiyyatı tarixinin əsas təşkilatçılarından və aparıcı müəlliflərindən biri olmuşdur.

Çoxillik elmi fəaliyyəti, ədəbiyyatşünaslıq sahəsindəki xidmətləri dövlət səviyyəsində yüksək qiymətləndirilən akademik Bəkir Nəbiyev Əməkdar elm xadimi fəxri adına layiq görülmüş (1999), "Xalqlar dostluğu” (1986), "Şöhrət” (2000) və "İstiqlal” (2005) ordenləri ilə təltif olunmuşdur. O, eyni zamanda "Hacı Zeynalabdin Tağıyev” (1993) və "Məmməd Araz” (1994) mükafatlarının da laureatı idi.

Görkəmli elm xadimi, akademik Bəkir Nəbiyevin zəngin elmi irsi müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına işıq salan, bələdçilik edən qiymətli əsərlərdir. Bu gün Bəkir müəllimin kitabları yeni elmi nəsillər üçün mötəbər mənbə kimi yaşayır.

İsa Həbibbəyli

AMEA-nın birinci vitse-prezidenti, Milli Məclisin deputatı, akademik

"Azərbaycan" qəzeti

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: