Avqustun 22-dən etibarən Dövlət İmtahan Mərkəzində (DİM) imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.
DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün keçirilən əlavə imtahanların (Azərbaycan və ya rus dili) nəticələri yaxın 3 gün ərzində elan olunacaq.
Digər imtahanlarda istifadə olunmuş açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.
Qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.
Xatırladaq ki, bu gün Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları ali təhsil müəssisələrinə qəbul imtahanları, həmçinin II, III və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinin və 9 illik təhsil bazasında kolleclərin müsabiqəsində buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyənlər üçün əlavə xarici dil imtahanı, qəbul imtahanını buraxılış imtahanında verdiyi dildən fərqli dil üzrə vermək istəyənlər üçün əlavə imtahan (Azərbaycan və ya rus dili) keçirilib.