Toxuculuq sənətinin inkişafında boyaq otlarının rolu

A- A A+

Hələ qədim və orta əsrlər dövründən toxuculuq, o cümlədən də xalçaçılıq sənətinin inkişafında boyaq otlarının mühüm rolu olub. Naxçıvanda bu sənətin inkişafı üçün insanlar müxtəlif boyaq otlarından istifadə ediblər. Bunu arxeoloqlar tərəfindən aparılan qazıntılar zamanı əldə olunan materiallar da təsdiq edir. I Kültəpə yaşayış yerindən gildən düzəldilmiş qabların içində qırmızı rəng tapılıb ki, boyaq otlarından alınan bu rənglərlə insanlar xalça iplərini boyayıblar.

Orta əsrlər dövründə də Naxçıvanda boyaqçılıq sənəti inkişaf etmiş sənət sahələrindən biri idi. Bu bölgənin zəngin təbiətindən təbii boyaq maddələrinin alınması rəngarəng parçaların istehsalına və həmin məhsulların ticarət yolları ilə xarici bazarlara çıxarılmasına şərait yaradırdı. Naxçıvanda toxuculuq, o cümlədən də xalçaçılıq sənətinin geniş şəkildə inkişafı boyaqçılığın inkişafından irəli gəlirdi. Buna görə də ip boyama ilə əsas etibarilə payızın son aylarında məşğul olurdular. Bu zaman təbii boyaq otlarının və meyvələrinin hamısı toplanırdı. Boyaqçılıq sənəti ilə məşğul olan ustalar ayrı-ayrı bitkilərdən, gül-çiçəklərdən, ağac qabıqlarından ipləri boyamaq üçün müxtəlif rənglər alırdılar. Bunun üçün boyaq bitkilərini vaxtı-vaxtında toplamaq, məhlulu keyfiyyətli hazırlamaq, iplikləri aşkarlamaq lazımdır.

Qeyd edək ki, ipliklərin boyanma prosesi boyanmaya hazırlıq, boyanma, boyanmış ipliklərdə boyağın möhkəmləndirilməsi kimi üç əsas mərhələyə ayrılır. İp boyanarkən boyaqçılar təbii rənglərin imkanlarını artırmaq məqsədi ilə onların tərkibinə zəy, duz və sair bərkidici maddələr əlavə edirdilər. Beləliklə də, Naxçıvanda toxunan toxuculuq, o cümlədən də xalça sənəti nümunələri üzərində zəngin naxış ornamentləri yaradılıb ki, bunların hər biri boyaqçılıq sənətinin inkişafı sayəsində əldə edilib.

Sara Hacıyeva

AMEA Naxçıvan Bölməsi tarix üzrə fəlsəfə doktoru, dosent

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: