“Qədim Duzdağ” mövzusunda onlayn tədbir keçirilib - FOTOLAR
AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən bildirilib ki, tədbir AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvanşünaslıq Mərkəzinin birlikdə təşkilatçılığı ilə baş tutub.
Tədbiri bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qədim dövr arxeologiyası şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev açaraq Naxçıvan Duzdağında aparılan tədqiqatlardan danışıb. O, bildirib ki, ötən əsrin 70-ci illərində mədənin cənub tərəfində iş aparılarkən şaxtaçılar qədim tunelə daxil olub, burada alətləri ilə birlikdə dörd insan skeleti aşkar ediblər. Skeletlər istifadə olunan daş alətlərinə əsasən e.ə. III-II minilliklərinə aid edilib. Bu alətlər I Kültəpə və II Kültəpənin dəqiq stratiqrafik kontekstlərindən aşkar olunan daş çəkiclərlə bənzərdir.
“Duzdağda aparılan araşdırmalar tarixəqədərki cəmiyyətlərin Naxçıvanın təbii sərvətlərinin istismarı, yaşayış yerlərinin tipləri və onların konkret bir ərazidə inkişaf dinamikasını müəyyən etmək üçün başlanan irihəcmli layihənin tərkib hissəsidir”,- deyə alim qeyd edib.
Sonra Naxçıvanşünaslıq Mərkəzinin elmi katibi Nihad Tarverdiyev çıxış edərək vurğulayıb ki, Naxçıvan duzunun tarixdə oynadığı mühüm rolu dünyaya çatdırmaq, aparılan elmi tədqiqatların nəticələrinin sistemləşdirilməsini, elmi araşdırmalar zamanı əldə olunmuş maddi-mədəniyyət nümunələrinin qorunub saxlanılmasını və təbliğini təmin etmək məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 sentyabr 2017-ci il tarixli Sərəncamına əsasən Naxçıvan Duz Muzeyi yaradılıb. Qeyd olunub ki, Naxçıvan şəhərinin salınması və şəhər ənənələrinin formalaşmasını özündə əks etdirən bu nadir muzeyin mövcudluğu və fəaliyyəti muxtar respublikamız, eləcə də ölkəmiz üçün əhəmiyyət kəsb edir.
Tədbirdə İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Folklorşünaslıq şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Cəfərova, həmçinin Təbii Ehtiyatlar İnstitutunun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayev və Bioresurslar İnstitutunun Bitki sistematikası şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Namiq Abbasov Duzdağa həsr olunan məruzə ilə çıxış ediblər.
Sonda Vəli Baxşəliyev Duzdağda aparılan elmi tədqiqatlara göstərilən dövlət qayğısına və Naxçıvan Duz Muzeyinin yaradılmasına görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.