Dövlət ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına elektron qeydiyyat prosesi davam edir.
Təhsil Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, məktəbəhazırlıq qruplarına məktəbin yerləşdiyi ərazidə yaşayan və həmin ildə 5 yaşı tamam olan (2015-ci il təvəllüdlü) uşaqlar qəbul edilir.
Uşaq hansı halda məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər?
İlk növbədə, məsul şəxs https://mektebeqebul.edu.az/az/ saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə tutuşduraraq yoxlayır və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda uşaq məktəbəhazırlıq qrupuna qəbul olunmaya bilər.
Xatırladaq ki, elektron sorğu yerləşdirmə prosesi avqustun 18-də başlayıb və sentyabrın 14-dək davam edəcək.