“Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabının təqdimatı olub - YENİLƏNİB - FOTOLAR

A- A A+

Orta əsrlər Naxçıvan mühitinin yetirdiyi görkəmli şəxsiyyətlərdən biri də Baba Nemətullah Naxçıvanidir. AMEA Naxçıvan Bölməsində Görkəmli alimin yaradıcılığından bəhs edən  “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabının təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, dünyanın tanınmış irfan alimlərindən biri olan Nemətullah Naxçıvani ilə bağlı ciddi elmi araşdırmalar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 29 oktyabr tarixli Sərəncamı ilə başlanılmışdır. Sərəncamla birgə “Görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilmiş və nəzərdə tutulan vəzifələrin icrasına başlanılmışdır.

Ötən dövr ərzində AMEA Naxçıvan Bölməsində Nemətullah Naxçıvani irsinin öyrənilməsi üçün 7 nəfərdən ibarət tədqiqat qrupu yaradılmış, Türkiyə Respublikasının Konya şəhərinə tədqiqatçı-mütəxəssislər göndərilmişdir. Səfər çərçivəsində “Naxçıvandan Konyaya bir körpü: Nemətullah Naxçıvani” mövzusunda konfrans keçirilmiş, alimin həyat və yaradıcılığı ilə bağlı çıxışlar edilmiş, tədbirdə “Nemətullah vətəni Naxçıvan” filmi nümayiş olunmuşdur. Tədbir çərçivəsində nümayəndə heyəti Nemətullah Naxçıvaninin məzarını ziyarət etmiş, Ağşəhərdə Nemətullah Naxçıvani adına İmam Hatib dini orta məktəbində olmuşlar. Ağşəhər bələdiyyəsi Türkiyədə çap edilmiş Nemətullah Naxçıvaninin “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül-Qeybiyyə” adlı 5 cildlik təfsirini nümayəndə heyətinə təqdim etmişdir. Ümumilikdə Nemətullah Naxçıvani ilə bağlı 21 adda kitab muxtar respublikaya gətirilmişdir.

2019-cu ildə Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” mövzusunda beynəlxalq konfranslar keçirilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik fondunun dəstəyi ilə konfrans materialları əsasında “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” adlı kitabı nəşr edilmişdir. Bundan əlavə Bilik fondu AMEA Naxçıvan Bölməsinin hazırladığı “Nemətullah Naxçıvani: taleyi və sənəti” adlı kitabın, həmçinin alimin  türk dilindən tərcümə edilən “Əl-Fəvatih-ül-İlahiyyə-vəl-Məfatih-ül- Qeybiyyə” (“Quranın kəlmə və hikmətlərini açıqlayan Qeybin açarı və ilahi fəthi”) adlı 3 cildlik təfsirinin də nəşrini həyata keçirmişdir.  Sərəncamın icrası məqsədilə Naxçıvan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi tərəfindən “Təfsir alimi Nemətullah Naxçıvani” sənədli fılmi hazırlanmış, mətbuat materialları və keçirilən tədbirlər işıqlandırılmışdır.

Türkiyənin Naxçıvandakı Baş konsulu tərəfindən Nemətullah Naxçıvaninin Türkiyə kitabxanalarında saxlanılan 12 əlyazmasının nüsxəsinin elektron variantı AMEA Naxçıvan Bölməsinə təqdim edilmişdir.

Diqqətə çatdırılmışdır ki, Samsun 19 May Universitetinin professoru Yaşar Kurdun müəllifi olduğu “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” monoqrafiyası AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Elxan Yurdoğlu tərəfindən tərcümə edilmiş, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun dəstəyi ilə nəşr olunmuşdur.

Monoqrafiyada görkəmli şəxsiyyətin yaşadığı dövrdə siyasi və elmi vəziyyət elmi təhlil süzgəcindən keçirilmiş, Nemətullah Naxçıvaninin bütün əsərlərindən bəhs edilməklə onların əlyazma nüsxələri oxuculara təqdim edilmişdir. Monoqrafiyanın ən maraq doğuran məqamlarından biri “Qurani-Kərim”in təfsir metodlarının elmi şərhidir. Nemətullah Naxçıvaninin Quranın təfsirində qarışıq metoda üstünlük verməsi, özünəməxsus yazı üslubu seçməsi onu digər təfsirçilərdən fərqləndirib, təfsir elminə yeni ruh, yeni nəfəs gətirib. “Nemətullah Naxçıvaninin təfsirində təsəvvüfi fikirlər” adlanan üçüncü fəsildə isə bütünlükdə islam dininin əsasları, tovhid, vəhdətil vücud və vacibül vücud anlayışları və ümumilikdə alimin fəlsəfəsinin əsasını təşkil edən kamil insan anlayışı və onu formalaşdıran cəhətlərin şərhindən bəhs edilir. Diqqətə çatdırılmışdır ki, monoqrafiya Nemətullah Naxçıvani irsinin tədqiqatçıları, tarixçilər, dinşünas alimlər və ali təhsil müəssisələrinin  tələbələri və ümumilikdə Naxçıvanşünaslıq üçün qiymətli mənbə rolunu oynaya bilər.

Surə Seyid Naxçıvan Muxtar Respublikası Ali Məclisi adından kitabın hazırlanmasında xüsusi əməyi olan Türkiyənin Samsun 19 Mayıs Universitetinin professoru Yaşar Kurta təşəkkürünü  bildirmiş və elmi fəaliyyətində uğurlar arzu etmişdir.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev çıxış edərək  Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli alim Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqi ilə əlaqədar imzaladığı Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirləri türk-islam dünyasının elmi və ictimai fikrinin inkişafına böyük töhfələr verən təsəvvüf və təfsir alimi Nemətullah Naxçıvani irsinin öyrənilməsi və tədqiqində mühüm amil kimi qiymətləndirib.

Qeyd olunub ki,həyatının 50 ilə yaxın bir dövrünü Naxçıvanda keçirən, İranda və Türkiyədə yaşayan, təsəvvüf və təfsir sahəsində əsərlərini də burada qələmə alan Nemətullah Naxçıvani “rəbbani elmlərdə sonsuz məlumatı olan, ilahi sirləri dənizin dərinliklərinə qədər enən” alim və arif bir şəxsiyyət idi. Görkəmli alimin həyatı, fəaliyyəti muxtar respublikamızda da geniş şəkildə tədqiq edilir, öyrənilir. Nemətullah Naxçıvani irsinin araşdırılması istiqamətində atılan mühüm addımlardan biri də “Baba Nemətullah Naxçıvani: həyatı, elmi şəxsiyyəti və əsərləri” kitabının ərsəyə gəlməsidir. Yeni nəşrdə bu nəticəyə gəlmək olur ki, Nemətullah Naxçıvani Orta Anadoluda Nəqsibəndliyin yayılmasında böyük rol oynayıb, şəriət və dünəvi elmlərdə, xüsusilə təsəvvüfi düşüncəni mənimsəyənlərin ən yuxarı təbəqəsinə xitab edən mövzularda dərin bir vaqifliyə sahib olub, dünyanın dairəvi olduğunu və günəşin ətrafında fırlandığını deyən Kopernikdən əvvəl dünyanın dairəvi şəkildə olduğunu, fırlandığını,  dünyanın Ay ilə Günəş arasına girməsindən və digər məsələlərdən bəhs edib.  Kitab Baba Nemətullah Naxçıvaniyə həsr olunmuş sanballı tədqiqat əsəri kimi nəinki Naxçıvan, eləcə də Azərbaycan elmi, ictimaiyyəti üçün boyük əhəmiyyət kəsb edir.

İsmayıl Hacıyev çıxışının sonunda görkəmli filosof və alimin həyat və fəaliyyətinin öyrənilməsi və tədqiq edilməsinə göstərdiyi diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin direktoru Vüqar Babayev çıxış etmiş, alimin dini-fəlsəfi dünyagörüşü və elmi əsərlərinin şərhini vermişlər.

Tədbirdə Türkiyə Respublikasının Samsun 19 May Universitetinin İlahiyyat fakültəsinin  professoru, müəllif Yaşar Kurt (onlayn) çıxış edərək tədqiqat istiqamətləri və kitabın ərsəyə gəlməsindən, Nemətullah Naxçıvani isrinin təbliği və tədqiqinin zəruriliyindən bəhs etmiş, nəşrin ərsəyə gəlməsində zəhməti olanlara minnətdarlığını bildirmişdir. Sonra kitabın tərcüməçisi AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun şöbə müdiri, filologiya üzrə fəlsəfə doktoru Elxan Yurdoğlu çıxış edərək kitabın nəşrinə göstərdiyi dəstəyə görə muxtar respublika rəhbərinə minnətdarlığını bildirmişdir.    

Sonda nəşr olunan kitablardan ibarət sərgiyə baxış olmuşdur.

Qeyd edək ki, Türkiyə Respublikasının Samsun 19 May Universitetinin İlahiyyat fakültəsinin professoru Yaşar Kurtun müəllifi olduğu 300-dən artıq elmi ədəbiyyatdan bəhrələnərək qələmə alınan kitab giriş, 3 fəsil və nəticədən ibarət olmaqla “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində 100 tirajla işıq üzü görmüşdür. Kitabın cildində Azərbaycan Respublikasının əməkdar rəssamı Telman Abdinovun çəkdiyi Baba Nemətullah Naxçıvani əsərinin təsviri verilmişdir.

Yeni nəşr Nemətullah Naxçıvani irsinin tədqiqatçıları, tarixçilər, dinşünas alimlər və ali təhsil müəssisələrinin tələbələri, ümumilikdə Naxçıvanşünaslıq üçün qiymətli mənbə rolunu oynayacaq, gələcəkdə Nemətullah Naxçıvaninin elmi irsinə yeni baxışların və yeni tədqiqatların yaranması ilə nəticələnəcəkdir.

Güntac Şahməmmədli

"Şərq qapısı" qəzeti

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: