Peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı davam edir

A- A A+

2020-2021-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə qəbul olunanların qeydiyyatı aparılır.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qeydiyyat avqustun 31-dək davam edəcək. Tələbələr qəbul olunduqları təhsil müəssisəsinə qeyd olunan sənədləri təqdim etməlidirlər:

-təhsil haqqında sənədin əsli;

-tibbi arayış haqqında sənədin əsli;

-sistemdən (şəxsi kabinetdə) çıxarılan avtomatik ərizə nümunəsi;

-şəxsiyyət vəsiqəsi (surəti);

-3x4 sm ölçüdə dörd ədəd fotoşəkil;

-hərbi mükəlləfiyyət barədə sənəd (hərbi mükəlləfiyyətlilər);

-güzəştli şərtlərlə qəbul edilən şəxslər üçün müvafiq təsdiqedici sənəd (həmçinin sağlamlıq imkanları məhdud şəxslər psixoloji-tibbi-pedaqoji komissiya, yetkinlik yaşına çatanlar isə tibbi-sosial ekspert komissiyası tərəfindən bu şəxslərə verilən, təhsil almaq hüququnu təsdiq edən sənəd).

Müsabiqədə uğurlu nəticə göstərən şəxsin sözügedən müddətdə sənədlərini qəbul olunduğu peşə təhsil müəssisəsinə təqdim etməməsi onun həmin ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilir.

Xatırladaq ki, 2020-2021-ci tədris ilində peşə təhsili üzrə qəbul üçün 18 min 260 yer ayrılıb. Ayrılan yerlərdə 11 min 40 nəfər dövlət büdcəsi hesabına, 7220 nəfər isə ödənişli əsaslarla təhsil alacaq. Qəbul 66 peşə təhsili müəssisəsində 120 ixtisas üzrə aparılıb. Peşə təhsili müəssisələrində tədris dövlət sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) və ya ödənişli əsaslarla həyata keçirilir. Dövlət təhsilalanların peşə təhsili səviyyələri üzrə peşə təhsili müəssisələrində büdcə hesabına yalnız bir dəfə təhsil almaq hüququnu təmin edir. Valideynini itirmiş və ya valideyn himayəsindən məhrum uşaqlar, şəhid ailəsinin üzvləri, I, II və III dərəcə əlilliyi olanlar və 20 yaşına çatmamış və I dərəcə əlilliyi müəyyən edilmiş valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər dövlət peşə təhsili müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsil haqları dövlət büdcəsi hesabına ödəniləcək.

Eyni zamanda, ünvanlı dövlət sosial yardımı alanların, hər iki valideyni (tək valideyni olduqda həmin şəxs) və ya qanuni nümayəndələri I və II dərəcə əlilliyi olan şəxslər, işsiz kimi qeydiyyatda olan tələbələr, yaşa görə əmək pensiyaçıları və yaşa görə sosial müavinət alanların təhsil haqqının yarısı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər isə dövlət peşə təhsili müəssisələrində yalnız ödənişli əsaslarla təhsil ala biləcəklər.

2020-2021-ci tədris ili üzrə tələbə qəbulu müraciətləri https://qebul.vet.edu.az/ platforması vasitəsilə, avqustun 10-dan 24-dək iki mərhələdə aparılıb. Qəbul prosesində 13 min 946 şəxs elektron qaydada qeydiyyatdan keçərək hesab açıb. Elektron qaydada sistemdə qeydiyyatdan keçənlərin 11 min 743-ü ixtisas seçimini yekunlaşdırıb. Ötən illə müqayisədə peşə təhsili almaq istəyən şəxslərin sayında 27 faiz artım müşahidə olunub. Qeyd edək ki, peşə təhsili pilləsi üzrə I mərhələ çərçivəsində dövlət vəsaiti hesabına maliyyələşən qruplar üzrə 73 faiz, ödənişli əsaslarla maliyyələşən qruplar üzrə isə 27 faiz uğurlu müraciət daxil olub.

Peşə təhsili pilləsinə qəbulun I mərhələsi çərçivəsində Peşə Təhsili üzrə Dövlət Agentliyinə sosial media platformaları və yaradılmış qaynar xətt üzərindən 3000-dək müraciət daxil olub.

Müsabiqənin nəticələri avqustun 25-i elan olunub. Müsabiqədə iştirak edən şəxslərə müraciətin nəticəsi barədə məlumat SMS vasitəsilə təqdim edilməklə yanaşı, müraciətçinin şəxsi kabinetində də yer alıb.

Qəbul olunanların qeydiyyatı başa çatdıqdan sonra vakant yerlər qalarsa, peşə təhsili müəssisələrinə əlavə qəbul keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: