Dövlət İmtahan Mərkəzi (DİM) doktorantura səviyyəsinə xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə qəbul imtahanları üçün test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi işinə müqavilə əsasında mütəxəssislərin cəlb olunması məqsədilə müsabiqə elan edib.
Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, müqaviləçi-mütəxəssis doktorantura səviyyəsinə qəbul imtahanlarında xarici dillər (ingilis, fransız və alman dilləri) üzrə test bloklarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması, həmçinin namizədlərin yazı və danışıq bacarıqlarının yoxlanılıb-qiymətləndirilməsi üçün aşağıda qeyd olunan funksiyalardan birini və ya bir neçəsini yerinə yetirməlidir:
sifariş əsasında test tapşırıqlarını və digər yoxlama-ölçmə materiallarını tərtib etmək;
test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizasını həyata keçirmək;
yazı və danışıq bacarıqlarını yoxlamaq üçün tələb olunan imtahan suallarının tərtibində, həmçinin namizədlərin yazılı imtahan işlərinin və danışıq bacarıqlarının yoxlanılıb qiymətləndirilməsində iştirak etmək.
Doktorantura səviyyəsinə xarici dillər üzrə qəbul imtahanlarında istifadə ediləcək test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının hazırlanması ilə əlaqədar görülən işlərə cəlb edilmək üçün fəlsəfə doktoru və ya daha yüksək elmi dərəcəyə malik olan, yaxud da doktoranturada və ya dissertanturada təhsilini davam etdirən və ya təhsilini başa vurmuş şəxslər müraciət edə bilərlər. Ekspertlər xarici dili mükəmməl bilməli, Microsoft Office proqramlarında işləməyi bacarmalıdırlar. Xarici dillər üzrə ümumavropa çərçivə sənədinin (CEFR) C1 və C2 səviyyələrinə uyğun sertifikata malik olanlara üstünlük verilir.
Həmin şəxslər test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının məxfiliyini qorumağı öhdələrinə götürməli, nəzərdə tutulan öhdəlikləri keyfiyyətlə və vaxtında yerinə yetirməlidirlər.
Müraciət edənlərin test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, ekspertizası, yazı və danışıq bacarıqlarının qiymətləndirilməsi sahəsində təcrübə qazanmaları üçün DİM tərəfindən müvafiq treninqlərin və praktik məşğələlərin keçirilməsi nəzərdə tutulur.
İşə götürülənin təyinatı, xidmət haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Bu sahəyə marağı olan şəxslər verilən CV formasını (yüklə) tam şəkildə dolduraraq və xarici dil üzrə sertifikatlarını skan edərək 2020-ci il sentyabr ayının 20-dək [email protected] elektron poçt ünvanına mövzu hissəsində “Doktorantura_elan” yazaraq göndərə bilərlər. Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.