“Azərbaycan arxeologiyası” çoxcildliyinin Eneolit dövrü barədə növbəti kitabı nəşr edilib - FOTOLAR
AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun “Azərbaycan arxeologiyası” çoxcildliyinin ikinci kitabı nəşr edilib.
İnstitutdan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, “Azərbaycan arxeologiyası. Eneolit” adlanan yeni cild Eneolit və İlk Tunc dövrü arxeologiyası şöbəsi tərəfindən hazırlanıb. Azərbaycanın Eneolit dövrü abidələrinin tədqiqinə həsr olunmuş əsərin müəllifləri görkəmli arxeoloqlar - institutun Eneolit və İlk Tunc dövrü arxeologiyası şöbəsinin rəhbəri, professor Hidayət Cəfərov və mərhum arxeoloq, tarix elmləri doktoru İdeal Nərimanovdur. Cildin əsasını İ.Nərimanovun 1987-ci ildə nəşr olunmuş monoqrafiyası təşkil edir. Əsərin baş redaktoru Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, professor Maisə Rəhimovadır.
Nəşrin elmi redaktoru professor H.Cəfərov giriş hissədə qeyd edib ki, “Azərbaycan, bütünlüklə Qafqaz və mübaliğəsiz deyərdik ki, dünya arxeologiyasının korifeylərindən olmuş İdeal Nərimanovun bizə miras qoyduğu Eneolit cildini çox cüzi əlavələrlə olduğu kimi oxuculara təqdim edirik”.
Əsərdə Azərbaycanın Eneolit dövrünün geniş təhlili aparılıb, paleoekoloji fon, abidələrin yayılma arealı, qədim əhalinin tikinti texnikası, maddi-mədəniyyət nümunələri araşdırılıb və dövrün maddi mədəniyyəti əsasında həyat tərzi və təsərrüfatı barədə məlumat verilib. Cilddə, həmçinin dövrləşdirmə və digər problemlərə toxunulub.
Cild səkkiz fəsildən ibarətdir. Birinci fəsil Azərbaycan ərazisində Eneolit dövrünün tədqiqi tarixinə həsr edilib. İkinci fəsildə Azərbaycan ərazisində Eneolit dövrü abidələri barədə həm xüsusi olaraq, həm də regional kontekstdə (Gəncə-Qazax, Mil-Qarabağ, Naxçıvan, Muğan, Şəki-Zaqatala, Urmiya-Cənubi Azərbaycan) məlumat verilib. Cildin üçüncü, dördüncü və beşinci fəsilləri Azərbaycanın Eneolit dövrünün qəbir abidələri, yaşayış yerlərinin topoqrafiyası, planlaşdırılması, memarlığı və abidələrin xronologiyası və dövrləşdirilməsi barədədir. Altıncı, yeddinci və səkkizinci fəsillər dövrün əkinçi-maldar tayfalarının təsərrüfatı, əlaqələri, təsərrüfat-məişət materiallarının təhlili, sənətkarlığı (daşişləmə, sümükişləmə, dulusçuluq, toxuculuq, metallurgiya və metalişləmə, qədim əhalinin ictimai münasibətləri və ideologiyası barədə əldə edilmiş nəticələr təqdim olunub.
Cilddə verilmiş 154 tabloda Azərbaycanın Eneolit dövrü abidələrini göstərən xəritələr, abidələrin topoqrafik və stratiqrafik planları, artefaktların fotoşəkilləri və qrafik təsvirləri öz əksini tapıb.
“Elm” nəşriyyatı tərəfindən nəfis şəkildə nəşr olunmuş əsər arxeoloqlar, antropoloqlar, həmçinin geniş oxucu auditoriyası üçün nəzərdə tutulur.
Qeyd edək ki, altı cilddən ibarət olacaq “Azərbaycan arxeologiyası” çoxcildliyi Arxeologiya və Etnoqrafiya İnstitutu tərəfindən müəyyən edilmiş elmi təqvim planına uyğun hazırlanır.