Alimlər koronavirus hissəciklərinin müxtəlif səthlər üzərində qalma müddətinə dair tədqiqat aparıblar
Yeni növ koronavirusla (COVID-19) aparılan eksperimentlər nəticəsində məlum olub ki, bu virusun hissəcikləri müxtəlif səthlərdə yazda və payızda orta hesabla 17-30 saat, yayda 2-5 saat arasında qala bilir. Tədqiqatın nəticələri “bioRxiv” elektron elmi kitabxanasında dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatçılar yeni yoluxma hallarına yol verilməməsi üçün şəxsi gigiyenaya yüksək səviyyədə riayət olunmasını və potensial yoluxma səthlərində müntəzəm dezinfeksiya işləri aparılmasını tövsiyə edirlər.
Kanzas Universitetinin (ABŞ) professoru Yurgen Rixtin rəhbərliyi ilə Amerika epidemioloqları və bioloqları SARS-CoV-2 virusu hissəciklərinin müxtəlif iqlim şəraitində və temperaturda qala bilməsini izləyiblər. Tədqiqatçılar koronavirus hissəciklərini müxtəlif səthlərə, o cümlədən tibbi əlcək və maskalar, beton, karton, plastik və poladın üstünə qoyublar. Bundan sonra alimlər onları hermetik kameralarda yerləşdiriblər. Həmin kameralarda yaz, yay, payız, habelə qızdırılmış otaq üçün səciyyəvi olan temperatur və rütubət olub.
Alimlər viruslardan vaxtaşırı nümunələr götürərək onların yaşama qabiliyyətini öyrəniblər. Məlum olub ki, yay vaxtı virus, həqiqətən də, kifayət qədər tez yoxa çıxıb. Belə ki, onu bütün növ materialların səthinə qoyduqdan sonra 2-5 saat ərzində yaşama qabiliyyətini itirib.
Lakin payız və ya yaz üçün tipik şəraitdə viruslar yay ilə müqayisədə 5-6 dəfə çox müddət ərzində mövcud olublar. Maraqlı odur ki, parça və beton səthdə qalmaq virus hissəcikləri üçün çox çətin olub, plastik və karton üstündə isə istənilən iqlim şəraitində daha çox qalıblar. Tədqiqatçılar hesab edirlər ki, bu xüsusiyyətlər səthlərin dezinfeksiyası, maskaların utilizasiyası və xəstələrin geyimlərinin təmizlənməzi zamanı nəzərə almaq lazımdır.