Qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbulu aparılır
Avqustun 14-də və 21-də keçirilmiş qəbul imtahanlarının nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün elektron ərizə qəbulu aparılır.
Dövlət İmtahan Mərkəzindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, komissiyaya müraciət etməzdən əvvəl abituriyentlər DİM-in saytında imtahan nəticələri ilə bağlı səhifədə öz nəticələri, cavab vərəqinin qrafik təsviri, hər bir açıq tipli tapşırıq üzrə qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Ötən imtahanların təcrübəsi göstərir ki, apelyasiya üçün ərizə yazanların təqribən 30 faizi ümumiyyətlə tapşırığa cavab verməyib və ya öz cavabı ilə mümkün doğru cavabları, qiymətləndirmə şkalasını müqayisə edib tanış olmadan komissiyaya müraciət ediblər. Dövlət İmtahan Mərkəzi abituriyentlərin nəzərinə çatdırır ki, bu tip müraciətlərə baxılmayacaq.
Apelyasiya Komissiyasına müraciət etmək istəyənlər sentyabrın 3-dək apelyasiya.dim.gov.az saytında elektron ərizə formasını doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apelyasiya üçün müraciət edə bilməyəcəklər.
Abituriyentlər iş nömrəsi və şəxsiyyəti təsdiq edən sənədin nömrəsindən istifadə etməklə sistemə daxil olurlar. Burada “Ev telefonu”, “Mobil telefon”, “E-mail” bölmələrində müvafiq məlumatlar qeyd edilir. “Apelyasiyanın nəticələrinin qeydi varsa, “ümumi qeyd” hissəsinə yaza bilər.
Daha sonra tapşırığın nömrəsini və müraciətin məzmununu (yazılı cavabın səhvən başqa tapşırıq üçün ayrılmış yerə yazılması, yazı işinin yenidən qiymətləndirilməsi, cavabın səhv kodlaşdırılması, sual kitabçasına baxılması, tapşırığın şərtinin izah edilməsi) seçməklə, imtahan iştirakçısı istəyini aydın şəkildə müvafiq sahələrə daxil edib qarşısındakı “Yadda saxla” şəkil–düyməsinə basmaq lazımdır. Digər tapşırıqlara verilən cavabların da qiymətlərdirilməsi ilə bağlı iradlar olarsa, əməliyyatı təkrar etmək lazımdır. Müraciətləri tam formalaşdırandan sonra (müraciətin məzmunu qeyd olunmadığı halda ərizə qəbul edilmir, həmin müraciət araşdırılmır və onun üçün apelyasiya təşkil olunmur) fotoşəklin altındakı “Qeydiyyata al” düyməsinə basmaq lazımdır. Verilən məlumatı diqqətlə oxuduqdan sonra “Təsdiq et” düyməsini basmaqla müraciət yekunlaşdırılmış olur. Müraciətlə bağlı araşdırma başa çatdıqdan sonra ərizədə qeyd edilən elektron poçt ünvanına və ya telefon nömrəsinə bağlantının vaxtı barədə məlumat göndəriləcək.
Apelyasiya müzakirəsində abituriyentin iştirakı vacibdir. Abituriyentlə yanaşı valideynlərindən biri də müzakirədə iştirak edə bilər. Bir nəfərin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.