Alimlər mastodonların (Sibir mamontlarının Şimali Amerikada yaşamış qohumları) genomunu oxuyaraq uzaq məsafəyə olan miqrasiyanın izini aşkarlayıblar. Tədqiqatın nəticələri “Nature Communications” jurnalında dərc edilib.
NUHÇIXAN İnformasiya Agentliyi TASS informasiya agentliyinə istinadla xəbər verir ki, tədqiqatın müəlliflərindən biri, Kanadanın Makmaster Universitetinin professoru Hendrik Poynarın sözlərinə görə, genetik tədqiqat mastodonların daim qitənin bütün ərazisində yerlərini dəyişdiyini göstərir. Bu, əsasən iqlimlə bağlı olub. Onlar Alyaskada isti olanda orada, həmçinin müasir Meksika və Mərkəzi Amerikanın ərazilərində yaşayıblar. Başqa sözlə, onlar “evdə oturan” olmayıb.
Mastodonlar buzlaq dövründə Amerikada ən nəhəng heyvanlar olub. Sibir mamontlarına oxşamasına baxmayaraq, onlara çox uzaq qohumluqları çatırdı. Mastodonların və mamontların əcdadları 30 milyon ildən çox əvvəl ayrılmışlar.
Onların dişlərinin izotop analizi göstərir ki, bu heyvanların qidalanması və həyat tərzi fərqli olub.
Arxeoloqlar və paleontoloqlar hesab edirlər ki, Amerika mastodonlarının hamısı təqribən 13-15 min il əvvəl məhv olub. Bunun səbəbi iqlim dəyişikliyi və Şimali Amerikada hindilərin mədəniyyətinin yaranması ilə əlaqədardır. Lakin həmin canlıların nəslinin kəsilməsi indi də paleontoloqlar, genetiklər və antropoloqlar arasında mübahisə mövzusu olaraq qalır.
Hendrik Poynar və onun həmkarları çox sayda mastodon qalıqlarının genom strukturunu müqayisə ediblər. Tədqiqata cəlb olunmuş heyvan qalıqları Alyaskanın, Kanadanın, Meksikanın və ABŞ-ın cənub regionlarının ərazilərində Pleystosen çöküntülərində aşkar edilib.
Alimlər müqayisə apararkən qədim xortumlu heyvanların bir-biri ilə nə dərəcədə tez-tez təmasda olmasını, genetik müxtəlifliyin aşağı səviyyəsinin onlar üçün xarakterik olub-olmadığını aydınlaşdırmağa çalışıblar. Sibir mamontlarının məhv olmasında məhz bu səbəb əsas götürülür.
Analiz göstərib ki, Şimali Amerika mastodonlarını qitənin müxtəlif regionlarında yaşayan beş böyük qrupa bölmək olardı. Bu qrupların nümayəndələri arasında məsafələr minlərlə kilometr olmasına baxmayaraq alimlər onların son 800 min il ərzində bir-biri ilə daim təmasda olmasının izini aşkarlayıblar. Bunu digər populyasiyalardan xeyli aralıda yerləşmiş olan Alyaska və Beringiya mastodonlarında genetik struktur da təsdiqləyir.
Alimlər, həmçinin bütün populyasiyaların nümayəndələrinin şimala və cənuba minlərlə kilometr miqrasiya etdiyinə dair sübutlar tapıblar. Beş qrupdakı mastodonlar arasında qohumluq əlaqələrinin xarakteri bunu göstərir. Məsələn, onların bir qismi mastodonların əcdadlarının Şimali Amerika ərazisinə köçməsindən və yeni ərazilərə uyğunlaşmasından sonra meydana gəlib.
Tədqiqatçıların fikrincə, bu cür miqrasiyalar həmin heyvanların buz örtüyünün əridiyi ərazilərdə bitən meşə bitkiləri və kollarla qidalandığını göstərir. Bunu onların dişinin izotop tərkibi və bəzi anatomik xüsusiyyətlər də təsdiqləyir. Digər tərəfdən, bu miqrasiyaların genetik izlərinin kəşfi alimlərin qarşısında yenidən bu sualı qoyacaq ki, nə üçün mastodonlar buzlaq dövrü başa çatan kimi məhv olub və keçmiş “mülayim” şəraitdə olduğu kimi, yeni ərazilərə uyğunlaşmayıb.
H.Poynar və onun həmkarları ümid edirlər ki, bu xortumluların DNT-nin gələcək tədqiqatı və yeni tapıntılar həmin suala cavab tapmaqda onlara kömək göstərəcək.