Muxtar respublikada məktəbdənkənar tərbiyə müəssisələrində uşaqların asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, yaradıcılıq qabiliyyətlərinin genişləndirilməsi üçün zəruri şərait yaradılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində 12 adda, Şərur rayonunun məktəbdənkənar tərbiyə müəssisələrində 15 adda və Şərur Şəhər Fizika Riyaziyyat Təmayüllü Liseydə isə 2 adda innovativ dərnəklər yaradılıb.
Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu il də yay tətili ərzində nazirliyin təşkilatçılığı ilə məktəbdənkənar tərbiyə müəssisələri tərəfindən internet resurslarından istifadə olunaraq şagirdlərin yay tətili dövründə asudə vaxtlarının səmərəli təşkili, onların istedad və bacarıqlarının üzə çıxarılması, müxtəlif yaradıcılıq işləri ilə motivasiya etmək üçün mütəmadi olaraq onlayn qaydada yaradıcılıq müsabiqələri, intellektual yarışlar, kitab mütaliələri, videodərslər, ekskursiyalar təşkil edilir.
Hazırda muxtar respublikada fəaliyyət göstərən məktəbdənkənar tərbiyə müəssisələrində - Uşaq Gənclər Şahmat məktəbləri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzi, Turist-Diyarşünaslıq Mərkəzi, Ekoloji Tərbiyə Mərkəzi, Uşaq Gənclər İdman məktəbləri ilə yanaşı Muxtar Respublikası Texniki Yaradıcılıq Mərkəzində də onlayn yay dərsləri və dərnək məşğələləri təşkil edilir.