Üçüncü ixtisas qrupu üzrə imtahan verərək müsabiqə şərtini ödəyən (ümumi balı ən azı 200, imtahanın ikinci mərhələsi üzrə balı isə ən azı 100 bal olmalıdır) və jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlər sentyabrın 4-dən 8-dək Dövlət İmtahan Mərkəzinin internet səhifəsində anketi doldurmaqla qeydiyyatdan keçməlidirlər.
Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, qeydiyyatdan keçən abituriyentlər imtahanda təqdim olunan mövzu üzrə yazı işi (inşa) yerinə yetirirlər.
Ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən və xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qeydiyyatdan keçməyən Azərbaycan Respublikasının vətəndaşlarının cari ildə jurnalistika ixtisası üzrə yazı işində iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olacaq. Digər abituriyentlər qeydiyyatdan keçərkən tələb olunan məbləği şəxsi kabinetindəki hesabına əlavə etməlidirlər.
Jurnalistika ixtisasına qəbul olmaq istəyən abituriyentlərin qabiliyyət imtahanı sentyabrın 11-də keçiriləcək. Bu mərhələdən uğurla keçən abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, jurnalistika ixtisasını da seçə bilərlər.
Qabiliyyət imtahanı mərhələsində abituriyentlərə təklif olunacaq inşa mövzuları (Azərbaycan və rus dilində), abituriyentlərin yazacaqları inşaya (esseyə) verilən tələblərlə “Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci sayında tanış olmaq mümkündür.