3 sentyabr - Naxçıvanda əsası qoyulan müstəqillik yolunun başlanğıc günü

A- A A+

1991-ci il sentyabrın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin fövqəladə sessiyasında çoxsaylı əhalinin təkidli tələbi ilə Ali Məclisin Sədri seçilən ulu öndər Heydər Əliyevin siyasi fəaliyyətinin yeni mərhələsi başlayıb.

AMEA Naxçıvan Bölməsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu fikir görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsinin 29-cu ildönümü ilə bağlı bölmədə keçirilən “Naxçıvandan başlanan xilaskarlıq yolu” mövzusunda onlayn elmi konfransda səsləndirilib.

Tədbirdə çıxış edən bölmənin sədri, akademik İsmayıl Hacıyev milli dövlətçilik ənənələrimizin dirçəldilməsinin, ümummilli lider Heydər Əliyevin siyasi fəaliyyətinin Naxçıvan dövrünə təsadüf etdiyini deyib. Akademik vurğulayıb ki, ölkə tarixində özünəməxsus yeri olan bu sessiyanın keçirildiyi ərəfədə istər Azərbaycanda, istərsə də onun ayrılmaz parçası Naxçıvanda yaranmış gərgin vəziyyət xalqı bu bəladan yalnız Heydər Əliyev şəxsiyyətinin çıxara biləcəyini göstərdi.

“Görkəmli dövlət xadimi Heydər Əliyevin 1990-cı ildəki misilsiz fəaliyyəti və qəbul edilən tarixi qərarlar” mövzusunda məruzə ilə çıxış edən bölmə sədri qeyd edib ki, Ulu Öndərin 1990-1993-cü illərdə Naxçıvanda yaşayıb-işlədiyi dövrdə qəbul etdiyi dövlət əhəmiyyətli qərarlar, həyata keçirdiyi islahatlar Azərbaycanda milli dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm siyasi və tarixi əhəmiyyətə malikdir. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət bayrağı kimi qəbul olunması və SSR Ali Soveti qarşısında həmin bayrağın, bütövlükdə, Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırılması, 31 dekabr gününün ilk dəfə Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi qeyd edilməsi, Naxçıvan MSSR-in adından “sovet sosialist” sözlərinin çıxarılması, Bakıda baş vermiş Yanvar faciəsinə siyasi qiymət verilməsi, eləcə də qanlı hadisələri törədən şəxslərin məsuliyyətə cəlb olunması və bu kimi digər tarixi qərarların qəbul edilməsi məhz Naxçıvanda keçirdiyi mühüm və tarixi əhəmiyyətli tədbirlər idi.

Akademik vurğulayıb ki, dahi şəxsiyyət Heydər Əliyevin ideyaları bu gün onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qloballaşan dünyanın tələblərinə uyğun yürütdüyü siyasi xətt Azərbaycan dövlətçiliyinin inkişafına, ölkənin milli maraqlarının müdafiəsinə və sosial-iqtisadi tərəqqiyə misilsiz töhfələr verir.

Sonra Naxçıvan Dövlət Universitetinin rektoru, dosent Elbrus İsayev “Ümummilli lider Heydər Əliyevin muxtar respublikanı iqtisadi böhrandan çıxarmaq uğrunda mübarizəsi” mövzusunda məruzə edib. Məruzədə 1990-cı ilin əvvəllərində cəmiyyət həyatının bütün sahələrində baş verən dərin böhrandan bəhs olunub. Rektor Ümummilli Liderin həyata keçirdiyi tədbirlər, iqtisadi-siyasi layihələrin reallaşdırılması üçün apardığı intensiv danışıqlardan söz açaraq bildirib ki, Ulu Öndərin qonşu dövlətlər ilə apardığı danışıqlar Naxçıvan ərazisinin ağır blokadadan çıxarılmasına zəmin yaratdı.

Qeyd olunub ki, bu gün muxtar respublikanın iqtisadiyyatı sürətlə inkişaf edir, bütün sahələrdə böyük nailiyyətlərə imza atılır və diyarımızın ixrac potensialına malik bir ərazi kimi nüfuzu gündən-günə artır.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli “Ulu öndər Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçilməsi Azərbaycan xalqının taleyində böyük siyasi əhəmiyyətə malik tarixi hadisədir” mövzusunda məruzəsində bildirib ki, bu böyük siyasi mərhələdə ölkəmizdə müstəqil dövlətçilik uğrunda mübarizənin möhkəm və əsaslı təməlləri atılıb.

Onlayn tədbirdə Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyevin “Ulu öndər Heydər Əliyevin hərbi-siyasi fəaliyyəti” və həmin institutun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “Naxçıvan Muxtar Respublikasının xarici dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələri” mövzusunda məruzələri dinlənilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: