Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya fəaliyyətində peşəkarlığın, keyfiyyətin artırılması, şəffaflıq və obyektivliyin təmin edilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqinə nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri avqust ayı ərzində də davam etdirilib. Bu barədə Komissiyanın mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib.
Belə ki, ötən ay ərzində dövlət qulluğu, vergi və eləcə də müəllimlərin işə qəbulu sahəsində komissiya tərəfindən təşkil olunmuş hazırlıq kurslarında, ümumillikdə, 153, sınaq imtahanlarında 112 nəfər iştirak edib.
Komissiyanın test mərkəzində 17-22 avqust tarixlərdə muxtar respublikanın dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının qiymətləndirilməsinin aparılması üçün keçirilən test imtahanlarında sənəd təqdim edən 101 nəfərdən 88-i iştirak edib, 84 müəllim keçid balını toplayıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət İdarəsində 9 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün avqustun 24-də keçirilən test imtahanında qeydiyyatdan keçmiş 20 namizəddən 19-u iştirak edib, 7 nəfər müvafiq keçid balını toplayıb.
Müəllimlərin dövlət ümumi təhsil müəssisələrinə işə qəbulu üçün cari ilin iyun ayının 30-da elan edilmiş müsabiqəyə çıxarılan vakant vəzifələrin tutulması üçün 746 namizəd sənəd təqdim edib. Avqustun 31-də start verilən imtahanlar sentyabr ayının 16-dək davam edəcəkdir.
Komissiya tərəfindən 28 avqustda vakant sektor müdiri vəzifəsinin tutulması üçün 1 nəfərin iştirakı ilə test imtahanı keçirilib.
Həmçinin dövlət orqanlarında vakant dövlət qulluğu vəzifələrinin tutulması üçün keçirilmiş 10 daxili müsahibədə komissiyanın əməkdaşlarının nümayəndə qismində iştirakları təmin olunub.
Qeyd edək ki, keçirilən bütün tədbir və test imtahanlarında sosial məsafə qorunub, tibbi maskalardan istifadəyə və digər sanitar-gigiyenik tələblərə əməl olunub.